...

UNESCO Ermənistanda Azərbaycan xalqının məhv edilən milli-mədəni, tarixi irsinə biganə münasibət göstərir - Deputat

Siyasət Materials 7 Sentyabr 2022 10:52 (UTC +04:00)
UNESCO Ermənistanda Azərbaycan xalqının məhv edilən milli-mədəni, tarixi irsinə biganə münasibət göstərir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

UNESCO Ermənistanda Azərbaycan xalqının məhv edilən milli-mədəni, tarixi irsinə biganə münasibət göstərir, Azərbaycan ziyalılarının müraciət etməsinə baxmayaraq Ermənistanda dağıdılan milli-mədəni, tarixi irsimizlə bağlı hər hansı bir araşdırma aparıb, Ermənistana qarşı tədbirlər görmür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var.

“Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir. Ermənilər çoxlu sayda nadir Azərbaycan memarlıq və tarixi abidələrini mənimsəyiblər və ya vəhşicəsinə dağıdıblar. XVII əsrə aid Xan Sərdar sarayı, XVIII əsrə aid Abbas Mirzə məscidi, XIX əsrə aid Həsənəli bəyin hamamı, Səlim, Talin, Əfşar karvansaraları və digər çoxlu sayda mədəni-tarixi irsimiz erməni vandalları tərəfindən məhv edilib

Lakin təəssüflər olsun ki, Azərbaycan ziyalıları bununla bağlı dünyada milli irsin və mədəniyyətin qorunmasını təbliğ edən UNESCO-ya müraciət etsələr də heç bir cavab olmayıb. Ancaq biz görürük ki, UNESCO müxtəlif xarici ölkələrdə, elə bu yaxınlarda Ukraynada genişmiqyaslı iş aparır, ardıcıl hesabatlar hazırlayır, hətta maliyyə dəstəyi ayırır. Azərbaycanla bağlı isə UNESCO susmağa üstünlük verir ki, bu da qərəzli münasibətin aydın göstəricisidir”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, UNESCO eyni zamanda 30 il ərzində erməni işğalında qalan torpaqlarımızda da milli-mədəni, tarixi irsimizin dağıdılmasına səssiz qaldı və hələ də bununla bağlı heç bir iş görməyib.

“İşğal dövründə mədəniyyətimiz də erməni vəhşiliyinə məruz qaldı, mədəni irsimizə, o cümlədən bəşəri mədəni irsə qarşı böyük vandallıq törədildi, Azərbaycan xalqına məxsus olan milli-mədəni və tarixi abidələr yerlə yeksan edildi, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər törədildi. Lakin beynəlxalq təşkilatlar bu vandallığıa səssiz qaldılar. Azərbaycan UNESCO-ya çoxlu sayda müraciətlər etsə də heç bir cavab əldə edə bilmədi. Azərbaycan UNESCO-ya müraciətlər etdi ki, həmin ərazilərə missiya göndərsinlər və ermənilərin mədəni irsimizə qarşı bu vandallığı ilə bağlı araşdırma aparıb rəylərini bildirsinlər, lakin təəssüflər olsun ki, təşkilat bu istiqamətdə heç bir addım atmadı.

Hesab edirəm ki, UNESCO bu ədalətsizliyə son qoymalı və növbəti hesabatlarda Azərbaycanın ermənilər tərəfindən məhv edilən milli-mədəni və tarixi irsinə də diqqət ayırmalıdır”, - deyə A.Həsənova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti