Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iclasda iştirak edib.
Milli Məclisdən bu gün Trend-ə bildirilib ki, iclas çərçivəsində keçirilən müzakirələrdə Milli Məclisin deputatları çıxış ediblər.
Milli Məclisin deputatı Nizami Səfərov da Şura iclasında
məruzəçi qismində çıxış edib. O, "MDB PA-nın Sosial Siyasət və
İnsan Hüquqları Daimi Komissiyasının fəaliyyəti haqqında" məlumat
verib. Qeyd edək ki, Nizami Səfərov həmin komissiyanın
sədridir.
Nizami Səfərov plenar iclasda da məruzə ilə çıxış edib. O, "Sağlam
həyat tərzi sahəsində sosial reklam haqqında" model qanun və
"Müəssisələrin müflisləşməsi zamanı işçilərin hüquqlarının
müdafiəsinin qanunvericiliklə təminatı haqqında" tövsiyələr barədə
məruzələri təqdim edib.
Milli Məclisin deputatı Rauf Əliyev MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında "Televiziya və radio yayımı haqqında" model qanun layihəsinin hazırlanması haqqında keçirilən müzakirələrdə çıxış edib. O, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda KİV-in inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə mövcud olan qanunvericilik bazası haqqında məlumat verib.
Milli Məclisin deputatı Sabir Hacıyev Şura iclasında “Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilərin Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun monitorinqində iştirakı haqqında” məlumat verib. Qeyd edək ki, Sabir Hacıyev monitorinq qrupunun koordinatoru olub. Sabir Hacıyev MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında da çıxış edib.
Milli Məclisin deputatı Əminə Ağazadə isə "Müqavilə hüququ haqqında" model qanun barədə məruzə ilə çıxış edib. Əminə Ağazadə yenidən Hüquqi məsələlər daimi komissiyasının sədr müavini seçilib.
Milli Məclisin deputatı Mixail Zabelin Aqrar siyasət, təbii
ehtiyatlar və energetika üzrə daimi komissiyasının iclasında
“Ekoloji təhlükəsizlik haqqında” model qanun layihəsinin yeni
redaksiyası və “Ekoloji fondlar haqqında” model qanun layihəsi
haqqında müzakirələrdə çıxış edib. İclasda Mixail Zabelin yenidən
daimi komissiyanın sədr müavini seçilib. Mixail Zabelin, həmçinin
təşkilatın "Dostluq" ordeni ilə təltif olunub.
MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi
komissiyasının iclasında çıxış edən Milli Məclisin deputatı Rasim
Musabəyov isə MDB PA-nın tədbirlərində beynəlxalq tərəfdaş
təşkilatların iştirakı haqqında məsələnin müzakirəsi zamanı öz
mövqeyini bildirib. O, həmçinin yenidən komissiyanın sədr müavini
seçilib.
Milli Məclisin deputatı Emin Hacıyev isə MDB üzv dövlətlərinin
Gənclər Parlamentlərarası Assambleyasının 19-cu iclasında çıxış
edib. O, gənclərin məşğulluğu, peşə təhsili, Azərbaycanda gənclərin
inkişafına yaradılan geniş imkanlar, bu istiqamətdə qəbul və icra
olunan dövlət proqramları haqqında geniş məlumat verib.