...

Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının fiaskosu ilə başa çatdı - RƏY

Siyasət Materials 1 Noyabr 2022 21:00 (UTC +04:00)
Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının fiaskosu ilə başa çatdı - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşün nəticələri sülh prosesinin ruhunu və istiqamətini bir daha sərgilədi. Soçi görüşünün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğurudur və danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı.

“Ona görə ki, Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi. Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Necə ki, 12-14 sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmşdılar. Ancaq Soçi fiaskosu 12-14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı.

Məsələ ondadır ki, ermənilər Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Aİ-nin sülhməramlı missiya göndərməsi, ikincisi Ermənistanın KTMT-dən çıxması ilə bağlı açıq mövqenin ortaya qoyulması və msələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndidə “mitinq” təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir.

Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMT-də qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün Paşinyana müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edəcək. Xankəndidə Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcək. Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu. Vurğuladı ki, Qarabağ problemi tarixə qovuşub, o, iki il bundan əvvəl həll edilib.

Əslində, bu, Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn, Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimizi şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə, yəni Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusion qruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər.

Nəticədə etibarilə bu yol humnitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təkilf olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olarlar. Ona görə də Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə, Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini az müddət sonra arzu etsələr də, tapa bilməzlər”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid OsmanovTrend-ə açıqlamasında qeyd edib ki, Paşinyanın Soçi gözləntiləri iflasa uğradı və Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə qətiyyətli mövqe ortaya qoyaraq Azərbaycanın mənafeyinə zidd ola biləcək hər hansı məsələyə imkan vermədi.

“Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və diplomatik məharəti nəticəsində Azərbaycan növbəti dəfə diplomatik uğur qazandı. Prezident İlham Əliyev Rusiya prezidenti ilə görüşündə münaqişənin iki il əvvəl həllini tapdığını və bitdiyini səsləndirdi. İstər Soçi görüşündən əvvəl “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirilən fikirlər, istərsə də Xankəndi mitinqində səsləndirilən şüarlar təzyiq forması idi və nəticəsiz qaldı. Rusiya prezidentinin "münaqişəni həll etmək vaxtıdır" sözlərinə Azərbaycan liderinin diplomatik cavabı ölkəmizə qarşı hazırlanmış "Soçi planı"nı alt-üst etdi”, - deyə deputat bildirib.

O qeyd edib ki, imzalanmış sənəddə də Qarabağ ifadəsi yer almayıb. “Bu, bir daha göstərdi ki, Prezidentin milli maraqlara uyğun göstərdiyi siyasət öz nəticəsini verdi. Burada prioritet istiqamət Azərbaycan tərəfindən təqdim olunmuş beş baza prinsip üzərində formalaşmışdı. Düşünürəm ki, Rusiya prezidentinin yekunda səsləndirdiyi fikir də bunu təsdiqləyir. Bu günə qədər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bəzi maddələri Ermənistan tərəfindən icra olunmayıb. Rusiya Ermənistana təzyiq göstərməlidir ki, imzalanmış üçtərəfli bəyanatda Ermənistanın öhdəliyində olan maddələr icra olunsun. Ümumilikdə, üçtərəfli görüş sülhə gedən yolu bir qədər də yaxınlaşdırmış oldu", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti