...

10-dan çox xarici blogerin Şuşaya səfəri planlaşdırılır

Siyasət Materials 10 Noyabr 2022 10:31 (UTC +04:00)
10-dan çox xarici blogerin Şuşaya səfəri planlaşdırılır

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu ilin 20-27 noyabr tarixlərində “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin ölkəmizə səfəri planlaşdırılır.

Trend-in məlumatına görə, ABŞ, Fransa, Rusiya, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edəcək blogerlər Şuşa, eləcə də İsmayıllı və Şəki şəhərlərinə səfər edəcəklər.

Səfərin əsas məqsədlərindən biri Prezident İlham Əliyevin bu ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonucda onların səfər təəssüratlarını dünyaya yaymaqdır. Şuşa səfərində xarici ölkələri təmsil edən tanınmış blogerlərə iki gün ərzində təlim keçiriləcəyi planlaşdırılır. Səfərin digər məqsədi isə Azərbaycanın görməli təbiət yerlərini və tarixi abidələrini dünyaya tanıtmaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən illər ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti