Şuşa. Trend
Azərbaycan ərazilərində ekoloji terror ictimaiyyəti çox narahat edir, ona görə də bu məsələyə son qoyulmalıdır.
Bunu Trend-in Şuşaya ezam olunmuş müxbiri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında keçirilən etiraz aksiyasında iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Olimpiya Komitəsinin üzvü Raqif Abbasov deyib.
"Azərbaycanlı mütəxəssislərin faydalı qazıntıların qeyri-qanuni istismarı aparılan ərazidə monitorinq aparması üçün şərait yaradılmayıb. Bundan sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloji fəallar dinc aksiyaya başlayıblar və öz mövqelərini bildiriblər. Yolun bağlanmasından söhbət belə gedə bilməz. Çünki humanitar konvoyların, təminat maşınlarının bu yolla hərəkət etdiyini təsdiqləyən foto və video görüntülər var”, - deyə o bildirib.
R.Abbasov aksiyanın tamamilə dinc xarakter daşıdığını vurğulayıb.
"Aksiya iştirakçıları azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün şərait yaradılmasını tələb edirlər. Normativ-hüquqi baza baxımından, beynəlxalq hüquq baxımından Azərbaycanın buna tam haqqı var", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər və monitorinq baş tutmayıb.