Bakı. Trend:
Yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratması qəbuledilməzdir.
Trend-in məlumatına görə, bu barədə Xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bildirib.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.