Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:
- 13.2.53-cü maddəyə “texnologiyalar parkında” sözlərindən sonra “və ya texnologiyalar parkından kənar” sözləri əlavə edilsin”;
- aşağıdakı məzmunda 101.7-ci maddə əlavə edilsin:
“101.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:
101.7.1. 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
101.7.2. 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.”;
- 102.1.21-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir;”;
- 106.1.13-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir;”;
- aşağıdakı məzmunda 122.5-ci maddə əlavə edilsin:
“122.5. Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.”;
- 199.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.”;
- 207.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.”.
- Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.