...

Avropa Parlamentinin ölkəmizi ittiham etməsi siyasi simasızlığın klassik nümunəsidir

Siyasət Materials 26 Yanvar 2023 21:08 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 18-də Avropa parlamenti növbəti dəfə Azərbaycan əleyhinə sənədlər qəbul etdi. Deputatlar tərəfindən təsdiqlənmiş qətnamədə rəsmi Bakıya qarşı bir sıra təxribat xarakterli çağırışlar əks olunub və elə yazılıb ki, sanki müəllifləri bir neçə Avropa ölkəsi deyil, təkcə Ermənistandır.

Xüsusən də parlamentlərilərin qətnamə layihəsi ilə əvvəldən tanış olmalarına imkan verilməyib. Sənəd nümayəndələrə səsvermədən bir neçə gün əvvəl təqdim edilməlidir. Halbuki, deputatlar qətnamə layihəsini baxışdan yalnız iki gün əvvəl alıblar. Bu qədər qısa müddətdə qətnamə haqqında necə obyektiv qərar vermək olar?

O da açıq-aşkardır ki, Avropa parlamentariləri qətnamənin qəbulunun qətiyyən heç nəyi dəyişməyəcəyini çox gözəl bilirlər. Sənədin lehinə səs verən həmin deputatlar az qala tribunadan deyirdilər ki, bu sənəd heç kimin üzərinə öhdəlik qoymur və yalnız lazımsız gərginlik yaradacaq. Qətnamə real effektə malik olmayacaq və sülh yolu ilə tənzimləməyə kömək etməyəcək.

Məsələni şərh edən Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev bildirib ki, Avropa Parlamentinin (AP) 18 yanvarda Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin müəllifləri və bu təşəbbüslə çıxış edən Avropa Parlamentinin üzvləri əvvəl Ermənistanla dostluq qrupunda təmsil olunan və Ermənistana dəstək verən parlamentarilər olub.

"Əgər həmin gün Avropa Parlamentində səsverməyə qoyulan və qəbul edilən digər sənədlər ümumi səsvermə ilə, yəni elektron səsvermə ilə həyata keçirilmişdisə, Azərbaycana qarşı qarayaxma kampaniyası əsasında hazırlanmış və sərsəm fikirləri özündə ehtiva edən bu sənədlə bağlı səsverməyə gəldikdə isə ümumi səsverməyə çıxarılmayıb və sadəcə olaraq, "əl göstərməsi" üsulu ilə qəbul edilib.

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüzminlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, onminlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən Avropa Parlamentinin ölkəmizi Ermənistana hərbi təcavüz etməkdə suçlaması siyasi əxlaqsızlığın, simasızlığın klassik nümunəsidir.

"Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron "Heyf ki, kağız qızarmır" deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür "Qoca Qitə"nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək bircə nəfər belə yoxdur.

Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkliyini yerinə yetirən parlamentarilərin "meydan suladığı" Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur", - deyə E.Mirzəbəyli bildirib.

Milli Məclisin deputatı Sevinc Hüseynova isə qeyd edib ki, Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində tamamilə qərzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub.

"Avropa parlamentariləri belə qənaətə gəlib ki, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib, Laçın yolu guya "blokada" olunub. Bu azmış kimi, qətnamədə artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilib. Bu qədər böyük yalan və iftiranın qətnamədə yer alması, sadəcə, təəssüf doğurur.Avropa Parlamenti kimi bir qurumun belə yalan və uydurmalarla dolu qətnamə qəbul etməsi bir daha bu qurumun qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini göstərir. Əlbəttə ki, bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları ermənipərəst Avropa parlamentariləridir. Onlar öz şəxsi maraqları naminə beynəlxalq hüququ və qanunları ayaqlar altına atıblar", - deyə deputat bildirib.

Nəticə etibarilə Avropa parlamentdində Azərbaycan əleyhinə səsvermənin keçirildiyi vəziyyət özü özündən xəbər verir. Hamı hər şeyi başa düşürdü. Başa düşürdülər ki, qətnamə onsuz da qəbul ediləcək, bu növbəti kağız parçası yalnız Azərbaycanla münasibətlərə zərər verəcək, ən əsası isə Avropa parlamentinin özündəki vəziyyətdən bir çox şey xəbər verir. Aydındır ki, 2023-cü ildə Avropa parlamentinin Azərbaycana münasibətində yaxşılaşma gözləmək lazım deyil, mülayim şəkildə deyilsə, parlamentin indiki heyəti qərəzlidir və açıq-aydın münaqişə tərəflərindən birinin maraqlarından çıxış edir. Ümid etmək qalır ki, 2024-cü ildə Avropa parlamentinə yeni seçkilər keçiriləndə yeni deputat heyəti daha obyektiv olmaqla yanaşı, müxtəlif növ ermənipərəst qüvvələrdən asılı olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti