...

Aİ-nin Ermənistandakı missiyasının məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır - Serbiya qəzeti

Siyasət Materials 22 Fevral 2023 15:01 (UTC +04:00)
Aİ-nin Ermənistandakı missiyasının məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır - Serbiya qəzeti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiya yerləşdirməkdə məqsədi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqdan ibarətdir.

Trend-in məlumatına görə, Serbiyanın "Novosti" gündəlik tabloid qəzetindəki məqalədə belə deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirən məqalə müəllifləri bunun Rusiya əleyhinə yönəlmiş geosiyasi layihədən başqa bir şey olmadığını vurğulayaraq missiyanın regionda təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmayacağını əlavə edir.

Məqalədə Brüsselin, həmçinin, rəsmi Bakı tərəfindən bu təşəbbüsün tənqidinə də biganə yanaşdığı qeyd olunur. Ötən həftə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova missiyanın Bakı-İrəvan münasibətlərinin "normallaşması prosesinə mane ola" biləcəyini vurğulayıb.

"Rəsmi Moskva məhz Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmalar regionda vəziyyətin normallaşması üçün əsas ola biləcəyində israr edir. Razılaşmalarda iki qonşu ölkənin sərhədlərinin demarkasiyası, nəqliyyat yollarının açılması, habelə, iki ölkənin vətəndaş qrupları, qanunverici və dini liderləri arasında əlaqələrin qurulması öz əksini tapıb", - məqalədə deyilir.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası (EUMA) 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə kömək, yerlərdə əməkdaşlığın tənzimlənməsi və Aİ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylər üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Avropa Komissiyasının məlumatlarına əsasən, EUMA-nın mülki personalı 100 nəfərdən, o cümlədən 50-ə yaxın mülki müşahidəçidən ibarət olacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.

Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti