Bakı. Trend:
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirovun rəhbərlik etdiyi ekspert qrupu Azərbaycan-Mərakeş hökumətlərarası birgə komissiyasının bu ilin birinci yarısında planlaşdırılan ikinci sessiyası çərçivəsində iş adamlarının görüşünə hazırlıq məqsədilə fevralın 19-dan 22-dək Mərakeşdə səfərdə olub.
Ölkəmizin Mərakeşdəki səfirliyindən Trend-ə bildiriblər ki, səfərin birinci günündə Kasablanka şəhərində səfir Nazim Səmədovun iştirakı ilə AZPROMO-nun nümayəndə heyəti Mərakeş İxracatçılar Birliyinin (ASMEX) prezidenti Hassan Sentissi El İdrissi ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Kasablanka Ticarət, Sənaye və Xidmətlər Palatasının (CCISC) rəhbəri Hassane Berkani ilə görüşdə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə dair təkliflər müzakirə olunub.
Sonra nümayəndə heyəti Türkiyənin Kasablankadakı və Rabatdakı ticarət nümayəndələri Burcu Özürgül Çolak və Mehmet Ali Oran ilə görüşlər keçirib. Həmin görüşlərdə Mərakeşin müxtəlif sahələr üzrə iqtisadi əlaqələri müzakirə olunub, iqtisadi və ticari münasibətlərin inkişafına dair məlumat verilib.
Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyasının (CGEM) nümayəndələri ilə görüşdə iki ölkə arasında, xüsusilə neft-kimya, sənaye və kənd təsərrüfatı sahələrində iqtisadi tərəfdaşlığa dair müzakirələr aparılıb.
Rabatda AZPROMO-nun nümayəndə heyətinin Mərakeş İnvestisiya və İxracın İnkişafı Agentliyinin rəhbəri Ali Seddiki ilə də görüşü olub. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari layihələrin reallaşdırılmasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra nümayəndə heyəti Mərakeş Əczaçılıq Sənayesi və İnnovasiya Federasiyasının (FMIIP) prezidenti Mohamed El Bouhmadi ilə iki ölkə arasında əczaçılıq sahəsində ticarət və investisiya imkanlarına dair fikir mübadiləsi aparıb.
Mərakeşin Karbohidrogenlər və Mədənlər üzrə Milli Ofisində (ONHYM) görüşdə Mərakeşin enerji sistemi barədə ətraflı məlumat verilib.
Azərbaycan nümayəndə heyəti səfərin sonunda Türkiyənin BİM şirkətinin bu ölkə üzrə müdiri Dinçer Yazıcı ilə görüşüb. Söhbət zamanı Azərbaycan məhsullarının Mərakeş bazarında satışı məsələləri müzakirə edilib.