...

Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq platformaya çevrilib - Rauf Əliyev

Siyasət Materials 13 Mart 2023 09:48 (UTC +04:00)
Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq platformaya çevrilib - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 09-11 mart 2023-cü il tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib. Qeyd edək ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Prezident İlham X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bir çox məsələlrə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.

Cənab Prezident Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövründə bu təşkilatın fəaliyyətinin canlandırmağa yönəlmiş fəaliyyətindən bəhs edərkən qeyd etmişdir ki, bu məqsədlə Azərbaycan beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etmişdir. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olmuşdur. Pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olundu və daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Bununla yanaşı, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edilmişdir. Qoşulmama Hərəkatının institusional inkişafını təmin edilməsi məqsədilə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

Cənab Prezident öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərək qeyd etmişdir ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim edildi.

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.

Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyindən bəhs olunarkən qeyd olunmuşdur ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan danışan cənab Prezident qeyd etmişdir ki, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək. Cənub Qaz Dəhlizi istismara verilmişdir. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik - TANAP-ı 16- dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada daha yaxından tanınmasına şərait yaradır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu daha da artırır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə dünyanın görkəmli siyasətçiləri iştirak edir. Bütün bunlar Azərbaycanın Beynəlxalq aləmdə rolunu xeyli dərəcədə gücləndirir. Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakıda ənənəvi olaraq təşkil olunan Qlobal Bakı Forumu dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq əməkdaşlıq platformasına çevrilmişdir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti