...

Azərbaycan - Tacikstan əlaqələri uğurla inkişaf edir - Rauf Əliyev

Siyasət Materials 10 Aprel 2023 10:52 (UTC +04:00)
Azərbaycan - Tacikstan əlaqələri uğurla inkişaf edir - Rauf Əliyev

Bakı. Trend:

2023-cü ilin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bir çox mühüm məsələlərə münasibət bildirmişdir. Bəyanatda qeyd olunmuşdur ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Bu gün vəziyyət tamamilə başqadır. Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. İki ölkə arsında əməkdaçlığın perespektivlərindən danışan cənab Prezident bilsirmişdir ki, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir.

İki ölkə arasında mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin olduğunu vurğulayan cənab Prezident qeyd etmişdir ki, xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri çərçivəsində aparılan danışıqlarda hər iki tərəfdən bundan sonra əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş etdirildi, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verdi.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti