...

Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür

Siyasət Materials 8 May 2023 17:32 (UTC +04:00)
Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb. Bu, müstəqillik tarixində ən böyük əfv aktıdır və humanizm prinsipinin aliliyini təzahür etdirir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verdən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu, Ulu Öndər Heydər Əliyevin zəngin irsinə sadiqliyin təzahürüdür.

“Ulu Öndər Heydər Əliyev hər zaman demokratik hüquqi dövlət quruculuğuna, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verib. Prezident İlham Əliyev Ümummilli liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək müstəqil Azərbaycan tarixində ən böyük Əfv Sərəncamını imzaladı. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi bir çox insanların sevincinə sevinc qatdı.

Məlumdur ki, Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub. Bu bir daha Azərbaycanın tolerant bir ölkə olduğunu göstərir.

Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Hesab edirəm ki, Əfv Sərəncamının əhatə etdiyi şəxslər dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxarmalıdır. Bu Sərəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə deyib ki, bu danılmaz bir həqiqətdir ki, Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir, humanizm, mərhəmət və insanpərvərlik prinsiplərini daim ön sırada tuturdu.

“Məhz bunun nəticəsidir ki, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə ölüm hökmü ləğv edilib. Həmçinin Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib”, - deyə o bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. “Elə mayın 8-də imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam da deyilənlərin növbəti təsdiqidir.

Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, əfv olunan şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib. Bütün bunlar isə bir daha Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin humanizm və yüksək ali dəyərlərə söykəndiyini sübut edir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, artıq Sərəncamın icrası başa çatıb. Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətlərində sərəncam icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti