...

Azərbaycan Ordusu cəmi bir günə növbəti şanlı tarix yazdı - Deputat

Siyasət Materials 20 Sentyabr 2023 18:28 (UTC +04:00)
Azərbaycan Ordusu cəmi bir günə növbəti şanlı tarix yazdı - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusu növbəti tarix yazdı, cəmi bir gün ərzində növbəti şanli zəfərini qazandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O qeyd edib ki, Azərbaycan öz istəyinə nail oldu, bütün suveren ərazisinə tam nəzarəti bərpa etmiş oldu.

“44 günlük Vətən müharibəsindən sonra gözləmək olardı ki, məğlub Ermənistan verilmiş dərslərdən, ağır məğlubiyyətdən lazımi nəticə çıxaracaq, sülhə gələcək, Azərbaycanla münasibətlərini yaxşılaşdıracaqdır. Ancaq biz bunun əksini gördük.

Ermənistanın hakimiyyət dairələri, başda Nikol Paşinyan olmaqla, bir balaca özlərinə gələn kimi xarici havadarlarına, xüsusilə Fransaya arxalanaraq yenidən silahlanmaya başladılar, verdikləri vədi, imzaladıqları sənədləri unutdular. Onlar yeni iddialar irəli sürməyə, mümkün olmayan tələblər qarşıya qoymağa başladılar. Müharibədən sonra erməni təcavüzkarları daha geniş miqyaslı təxribatlara əl atdılar. Onlar imkan tapdıqları ərazilərimizi tamamilə minaladılar, sərhəddə təxribat törətdilər və yüzlərlə insanın ölümünə səbəb oldular.

Bütün bunlar Qarabağ, Şərqi Zəngəzur torpaqlarında törədildi. Ərazilərimizdə olan erməni separatçıları daha da fəallaşdılar, səngərlər qazmağa, sədlər qurmağa, yolları kəsməyə cəhd göstərdilər. Onlar Qarabağa silah - sursat daşımağa, canlı qüvvə gətirməyə başladılar. Qarabağda qondarma “prezident seçkiləri” keçirdilər.

Erməni separatçılarının bu əməlləri xalqımız, cənab İlham Əliyev tərəfindən dəfələrlə xatırlandırılıb, tənqid edilsə də, ancaq quldurlar bundan heç bir nəticə çıxarmadılar. Əksinə onlar daha da quduzlaşdılar.

Belə olan halda Azərbaycan separatçıları zərərsizləşdirməyə məcbur oldu və bunu etdi. Antiterror tədbirləri həyata keçirmək, milli təhlükəsizliyimizi təmin etmək Azərbaycanın haqqı idi və beynəlxalq normalara əsaslanırdı. Azərbaycanın gücü qarşısında tab gətirə bilməyən separatçılar silahı yerə qoyaraq təslim olmağa məcbur oldular.

Bütün bunlara cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, düşünülmüş siyasəti nəticəsində nail olmaq mümkün oldu”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti