...

Arayik Harutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI

Siyasət Materials 5 Oktyabr 2023 15:17 (UTC +04:00)
Arayik Harutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Post-münaqişə dövrünün ən mühüm məsələləri sırasında müharibə canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xüsusi əhəmiyyət daşıyır. İkinci dünya müharibəsindən sonra formalaşan hüquqi mexanizm çərçivəsində soyqırım, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlərin təqibi ilk növbədə milli səviyyədə həyata keçirilir.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O qeyd edib ki, hətta 1998-ci ilin iyun-iyul aylarında Roma dipolmatik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması bu qaydanı dəyişməyib. Çünki beynəlxalq birliyin narahatlığına səbəb olan cinayətlərin təqibinə görə əsas məsuliyyət dövlətdaxili hüquq sisteminin üzərinə düşür.

"Bu mənada Azərbaycan uzun illərdən bəri Qarabağ regionu və ölkəmizin digər yerlərində sülh və insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması üzrə zəruri tədbirləri həyata keçirərkən, eyni zamanda dövlətlərin dünya birliyi qarşısında duran qlobal miqyasda qanunun aliliyi prinsipinin təmin edilməsinə ciddi tövhə verir.

Separatist rejimin rəhbərlərindən olan, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında ən ağır cinayətlər törədən Arayik Harutyunyanın məsuliyyətə cəlb edilməsi bir daha əyani formada təsdiq edir ki, Azərbaycan müharibə canilərinin cəzasızlığına heç bir halda imkan verməcək və bu mənada ölkəmizin hüquq-mühafizə sistemi ən yüksək səviyyədə fəaliyyətini həyata keçirir. Həbs edilən qatı caniyə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin bir sıra maddələri üzrə itiiham irəli sürülüb. Bunları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar.

Birincisi, beynəlxalq cinayətlər - təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama (maddə 100); silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116); silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117).

İkincisi ağır transmilli cinayətlər - terrorçuluq (maddə 214); terroçuluğu maliyyələşdirmə (maddə 214-1); terrorçuluq məqsədi ilə təlim keçmə (maddə 214-3).

Ücüncüsü – ümumi cinayət xarakterli xüsusilə ağır cinayət əməlləri – qəsdən adamöldürmə (maddə 120); cinayətkar birlik (təşkilat) yaratma (maddə 218);qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (maddə 279). Bu cinayət əməllərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyaları uzunmüddətli, yəni iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur", - deyə o, bildirib

N.Səfərov həmçinin əlavə edib ki, digər mühüm məsələ beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsidir.

"Məlum olduğu kimi, BMT 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edib. Azərbaycan Respublikası həmin Konvensiyaya 1996-cı ildə qoşulmuşdur və onun tələblərini Cinayət Məcəlləsinin 75.5-ci maddəsində implemenytasiya etmişdir. Həmin maddəyə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Ən yüksək beynəlxalq standartlara cavab verən milli cinayət qanunvericiliyi imkan verir ki, soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri, terrorçuluq və başqa ağır əməllər törədən heç bir şəxs cəzasız qalmasın", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti