...

Heydər Əliyev və Azərbaycanın müstəqil xarici siyasətinin formalaşması

Siyasət Materials 17 Oktyabr 2023 11:20 (UTC +04:00)
Heydər Əliyev və Azərbaycanın müstəqil xarici siyasətinin formalaşması

Bakı. Trend:

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır siyasi və iqtisadi vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olanlar bu istiqamətdə heç bir səmərəli iş görə bilməmiş, vəziyyəti daha da pisləşdirmişdilər.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini düzgün müəyyənləşməsində, həyata keçirilməsində dönüş yaratdı və ölkənin strateji maraqlarını yenidən qurdu. Ulu Öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldərək demişdi: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.

Heydər Əliyevin xarici siyasətində Azərbaycanın elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabər hüquqlu Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli ən mühüm yer tuturdu. Heydər Əliyev ilk öncə qonşu ölkələrlə münasibətləri qaydaya salmaq məqsədi ilə qonşu dövlətlərlə Azərbaycan arasında iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratdı ki, bu da gənc, müstəqil Azərbaycanın xarici siyasətdə mühüm addım idi. Ulu Öndər Heydər Əliyev bilirdi ki, düzgün siyasət aparmaq üçün ilk öncə sabitlik vacib şərtdir. Ermənistanla gedən müharibəni dayandırmaq üçün Heydər Əliyev 1994-cü ildə “Atəşkəs” razılaşması imzaladı. Bu da Heydər Əliyevə düşünülmüş, balanslaşdırılmış xarici siyasəti həyata keçirməyə, Qarabağ probleminin həllində zəruri tədbirlərin həyata keçirilməsi üçün vaxt qazanmağa şərait yaratdı. Bundan başqa Heydər Əliyevin apardığı düzgün və məqsədyönlü xarici siyasət nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü.

1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata bəyənnaməsi, Kollektivlik Təhlükəsizlik haqqında Müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev o zaman da bilirdi ki, MDB-nə daxil olmaq, Azərbaycanın həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafında irəliyə aparacaq. Heydər Əliyev ilk öncə bu dövlətlərlə olan münasibətləri qaydaya salmaq, hərtərəfli əlaqələri möhkəmləndirmək istəyirdi. Çünki Rusiya və İranla münasibətlər keçmiş səriştəsiz rəhbərlərin apardığı siyasət nəticəsində gərginləşmişdi. Heydər Əliyevin siyasəti nəticəsində Rusiya ilə olan münasibətlər yenidən bərpa olundu. Artıq Rusiya Azərbaycana bir çox məsələlərdə dəstək olurdu. Azərbaycanın MDB-nə üzv olması bu münasibətləri yenidən bərpasına şərait yaratdı. İki ölkə arasında 2008-ci ilin iyulunda Bakıda imzalanmış Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannaməyə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının ayrıca bənd kimi salınması Rusiyanın niyyətlərinin ciddi olduğundan xəbər verir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd olunur.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi, iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi-enerji imkanlarından, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edir. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Türkiyə də daxil olmaqla bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində inamlı addımlar atmışdır.

1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “İki dövlət, bir millət” prinsipinə əsaslanmışdır. Azərbaycanın ilk səfirliyinin də məhz Türkiyədə açılması, 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində “Ümüd” körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi. Bu illər ərzində Türkiyə ilə əlaqələr “bir millət, iki dövlət” formulu əsasında, sarsılmaz təməl üzərində qurulmuşdur.

Heydər Əliyevin xarici siyasətin istiqamətlərindən biri Qərb və Amerika üfüqləri idi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı dünya səviyyəsində inkişaf etdirmək üçün Qərb inkişafı və Amerika gücü lazımdır. Bunları nəzərə alan Heydər Əliyev siyasətində yeni bir dövr Qərb siyasəti dövrü başlandı. Əsas məqsəd Azərbaycanı sülhsevər, müstəqil dövlət kimi dünyaya tanıtmaq, dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi.

Dünyanın ən qüdrətli ölkəsi ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Lakin bu hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Bu vacib və olduqca zəruri idi. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan bu fövqəl dövlət mühüm rol oynaya bilərdi. Buna nail olmaq mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana iqtisadi əməkdaşlığa, problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi.

Azərbaycan Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxal, regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb etmişdir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik açıq və demokratik cəmiyyət quruculuğu yolu ilə sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycan dövləti və rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovşağunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün, sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Bütövlükdə Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır.

2003-cü ildən başlayaraq keçən 20 il ərzində cənab İlham Əliyev tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirilərək müəyyənləşdirilən, həyata keçirilən xarici və daxili siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

Ötən 20 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan çox böyük uğurlara imza atıb. Əlbəttə ki, bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində əldə olunan tarixi zəfər, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa edilməsi və sentyabrın 19-da isə suverenliyimizi tam bərpa edilməsidir. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına növbəti qələbənin sevincini yaşatdı, Şanlı bayrağımızı əzəli və əbədi torpaqlarımızda Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını yerinə yetirdi. Sübut olundu ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Cənab Prezident Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq.

Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyimiz heç vaxt əldən verilməyəcəkdir və müzəffər xalq kimi qürurla yaşayaraq suverenliyimiz əbədi olacaqdır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti