...

Müstəqilliyimiz sarsılmaz və əbədidir

Siyasət Materials 18 Oktyabr 2023 16:41 (UTC +04:00)
Müstəqilliyimiz sarsılmaz və əbədidir

Bakı. Trend:

Bu gün Azərbaycan xalqı sevinc və qürur hissi ilə Müstəqilliyimizin Bərpasının 32-ci ildönümünü qeyd edir. Cənab Prezident İlham Əliyevin qətiyyəti və Ordumuzun şanlı qələbəsi nəticəsində üçrəngli bayrağımız bütün şəhər və rayonlarımızda dalğalanır. Bu tarixi Zəfərlərə imza ataraq bir daha bütün dünya qarşısında göstərdik ki, Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədidir!

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qısa müddətdə dünyada nüfuzlu ölkələrdən birinə çevrilib. Beynəlxalq arenada ölkəmiz etibarlı və mühüm tərəfdaş kimi tanınır. Dövlət başçımızın həyata keçirdiyi məqsədyönlü və uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren faktoruna çevrilmişdir.

Bu gün Vətənimiz tarixinin ən şərəfli dövrünü yaşayır. Böyük Sərkərdə, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək, müasir Azərbaycanın zəfər tarixini yazdı. Dövlət bayrağımızı əzəli torpaqlarımızda, o cümlədən Xankəndidə ucaltmaqla xalqımızın onilliklər boyu davam edən arzusunu çin etdi, təkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu bərpa etdi. 20 il öncə Prezident seçilərkən xalqımıza verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyev Azərbaycan xalqına möhtəşəm qələbələr bəxş etdi, dövlətimizi zirvələrə ucaltdı. Bizə bu sevinci, qüruru yaşatdığı üçün cənab Ali Baş Komandana, qəhrəman Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Təbii ki, bu gün Azərbaycanın qalibiyyətini həzm edə bilməyən bəzi siyasi dairələr də var və bu, özünü Avropa Şurasının Parlament Assambleyasının qəbul etdiyi son qətnamədə bir daha göstərdi. Qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə və tövsiyə sənədi ölkəmizə qarşı növbəti ədalətsiz yanaşmasıdır.

Yaxşı olardı ki, avropalı siyasətçilər Azərbaycanla münasibətləri korlamaq əvəzinə, həqiqətin yanında olmaqla əməkdaşlıq haqqında düşünsünlər. Azərbaycanın Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri avropalılar üçün olduqca əhəmiyyətlidir.

Bu kimi cəhdlər isə Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Qarabağ bölgəsində yerli erməni sakinlərin reinteqrasiyasını davam etdirmək əzmini sarsıda bilməz. Dövlətimizin bütün addımları beynəlxalq hüquqa və qanunvericiliyə əsaslanır. Elə bu kimi qətnamə qəbul edən təşkilatlara, təşəbbüskar dövlətlərə ən layiqli cavab Müzəffər Ali Baş Komandanın Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmasıdır! Ölkəmizin müstəqilliyi sarsılmaz və əbədidir.

Yaşasın Ali Baş Komandan, yaşasın qalib, suveren, güclü Azərbaycan!

Milli Məclisin deputatı,

Emin Hacıyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti