...

İndi müqəddəs Azərbaycan Bayrağı ölkəmizin işğaldan azad edilmiş bütün ərazilərində dalğalanır

Siyasət Materials 6 Noyabr 2023 18:37 (UTC +04:00)
İndi müqəddəs Azərbaycan Bayrağı ölkəmizin işğaldan azad edilmiş bütün  ərazilərində dalğalanır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər il 9 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur və ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Dövlət bayrağı vətəndaşların milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” eyni zaman da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayrağımız haqqında belə bir fikir söyləmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il 17 noyabrın tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri xalqımızın ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. 1991-ci ilin fevralın 5-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsadətini qəbul edərək Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək Dövlət bayrağı elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Dövlət bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlərlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, qətiyyətli siyasətin nəticəsində 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdi, 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycanın Dövlət Bayrağı qaldırıldı və müqəddəs bayrağımız ölkəmizin işğaldan azad edilmiş bütün ərazilərində dalğalanır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti