...

İslamofobiyanın, antisemitizmin, miqrantlara qarşı nifrətin hökm sürdüyü Fransanın Qafqazla bağlı siyasəti sülhə zərbədir - Vüqar Rəhimzadə

Siyasət Materials 14 Noyabr 2023 19:29 (UTC +04:00)
İslamofobiyanın, antisemitizmin, miqrantlara qarşı nifrətin hökm sürdüyü Fransanın Qafqazla bağlı siyasəti sülhə zərbədir - Vüqar Rəhimzadə
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Müxtəlif zamanlarda və məkanlarda sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bildirib. Eyni zamanda, bu günlərdə Parisdə keçirilən Sülh Forumu çərçivəsində panel iclasda Nikol Paşinyan sərsəm bəyanatlarla çıxış etsə də, sülh müqaviləsinin imzalanmasına gəldikdə bu addımın atılmasına hazır olduğunu bildirdi. Belə olan halda sual yaranır: Sülh müqaviləsinin imzalanmasına kimlər mane olur? Təbii ki, maraqlar istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə ədaləti, beynəlxalq hüququ üstələyib. Keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 27 illik fəaliyyətləri dövründə funksiyalarının nədən ibarət olduğunu dərk etmək istəmədilər. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Xankəndidə keçirilən hərbi paraddakı çıxışında da bu məqama xüsusi diqqət yönəltdi ki, münaqişənin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Prezident İlham Əliyev müxtəlif mötəbər kürsülərdən dəfələrlə bəyan etmişdi ki, bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bütün bunların fonunda Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə əsassız iddialarla yaşamasını, sərsəm bəyanatlarla çıxış etməsini şərtləndirən səbəblər bir daha bəlli olur. Tarixi Zəfərimizdən ötən dövrdə cərəyan edən hadisələrə diqqət yetirsək islamofobiya, antisemitizm, miqrantlara qarşı nifrət, rasizmin hökm sürdüyü Fransanın regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu görə bilərik. İkinci Qarabağ müharibəsi başa çatdığı gündən münaqişənin hələ həll edilməməsi barədə sərsəm fikirlər səsləndirən, riyakarlıq edən və ictimai fikri çaşdırmağa çalışan Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq hüquqa və ədalətə sığmayan çağırışları, addımları bu gunədək davam edir. 27 il uğursuz vasitəçilik missiyasını yerinə yetirərkən ölkəmizin 20 faiz torpaqlarının təcavüzkar dövlət tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransa Azərbaycanı Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməklə özünü gülüş hədəfinə çevirdi, bununla da ədalət və beynəlxalq hüquq anlayışlarına hansı prizmadan yanaşdığını nümayiş etdirdi. Maraqları naminə beynəlxalq hüququ heçə sayan Fransanın 27 il ərzində münaqişəli məsələnin həllində vasitəçilik missiyasını hansı meyarlara uyğun yerinə yetirdiyi haqlı olaraq sual doğurur. Beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasına, Qarabağdakı qondarma rejimin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib. Fransa Ermənistana yalan vədlər vermək, riyakarlıq etmək əvəzinə ədalət və beynəlxalq hüquq prinsiplərini qoruyaraq məsələnin ədalətli həllinə çalışaydı Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmiş olardı. Bu gün Fransa və bəzi Qərb dövlətləri eyni prinsipləri həyata keçirirlər. Bölgədə gərginlik yaratmaq, sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün edilən cəhdlər davamlılığı ilə diqqətdədir. Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyəti, həmçinin qurumun əslində daha çox hərbi missiya yerinə yetirəcək Sülh Fondunun işğalçı dövlətdə işə başlaması Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməsindən xəbər verir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransanın Ermənistanı silahlandırması işğalçı ölkədə revanşizm əhval-ruhiyyəsini yüksəldir, separatizm meyillərini gücləndirir. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Azərbaycan bütün bu cəhdlərin qarşısını ədalət və beynəlxalq hüquq çərçivəsində qətiyyətlə alır. Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin sentyabrın 19-da həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edilməsi Ermənistana və ona öz maraqları naminə havadarlıq edən dövlətlərə mesajdır. Bölgədə sabitliyin, sülhün, dünyada etimad mühitinin təmin edilməsini istəyən bəzi güclər əgər həqiqətən də bu istəklərində səmimidirlərsə maraqlarını bir kənara qoyub ədalət meyarını düşünməlidirlər. Son sözü yenə də tarixi ədalət deyir. Fransa və bəzi Qərb dövlətləri gərginlik yaradacaq addımları ilə yalnız özlərinə qarşı inamsızlıq mühitini formalaşdırırlar. Belə olan təqdirdə onlardan ədalətli yanaşma gözləmək mümkündürmü? Bəzi Qərb ölkələri sözdə dünyada sülhə çağırış etsə də, reallıqda onun əksinə addımlar atırlar. Dünyada indiyədək alovlanmış və bu gün də davam edən müxtəlif münaqişələrin səbəbi məhz bir sıra Qərb ölkələrinin eqoizmə, riyakarlığa, ikili standarta əsaslanan siyasətidir.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın regionun gələcəyi ilə bağlı mövqeyi bəllidir. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bir daha bildirdi ki, işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə, Fransa nə üçün bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Ermənistanı silahlandırmağa çalışır? Cənubi Qafqazı gərginlik ocağına çevirmək istəyən Fransa və bəzi Qərb dövlətləri bu cəhdlərinə son qoymalı, sülhün, təhlükəsizliyin təminatına dəstək olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti