Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması fürsətindən istifadə etməyin vaxtı çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında deyib.
"Azərbaycanın birmənalı olaraq sülhə sadiqliyinə baxmayaraq, proses ləngimələrlə üzləşib. Ermənistanın saziş layihəsi ilə bağlı öz şərhlərini təqdim etməsi iki ay yarımdan çox çəkdi. Eynilə, bəzi tərəflərin qərəzli və birtərəfli hərəkətləri prosesə ciddi təsir göstərir. Biz inanırıq ki, Azərbaycan və Ermənistan iki dövlət kimi yaxşı münasibətlər qurmaq və dinc yaşamaq üçün tarixi imkana malikdir. Bu şansdan istifadə etməyin vaxtı çatıb", - nazir bildirib.
O əlavə edib ki, Ermənistan sülhə gedən yolun ikitərəfli dialoqdan və qonşuları ilə normal münasibətlərdən keçdiyini dərk etməlidir.