Bakı. Trend:
Fransa özünü insan hüquqularının, söz azadlığının çarçısı kimi qələmə verməyə çalışsa da, həqiqətin tamamilə fərqli olduğunun şahidi oluruq. Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş azərbaycanlı jurnalistin peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneə törədilməsi yolverilməzdir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, baş verən hadisə özünü demokratiya beşiyi kimi təqdim edən ölkələrdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə edilən təzyiqlərin açıq isbatıdır.
“Heç bir demokratik ölkədə jurnalistə qarşı bu cür təzyiqə yol verilməməlidir. Lakin Fransada bu hal baş verir. Dünyada medianın fəaliyyətinin qorunması beynəlxalq hüquqla tənzimlənir. Görünən odur ki, Fransa hakimiyyəti bu hüquqlara da məhəl qoymur. Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistə əsassız şəkildə təzyiq göstərilməsi yolverilməzdir və bu hadisənin törədilməsi böyük təəssüf doğurur.
Dünya ictimaiyyəti, beynəlxalq media qurumları, jurnalist təşkilatları Fransanın bu utancverici addımını qınamalıdır”, - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova qeyd edib ki, son illər Fransada olan sosial və siyasi problemlər bütün dünyanın diqqət mərkəzindədir.
“Fransa hakimiyyəti təməl hesab olunan insan hüquqlarına da məhəl qoymur, öz vətəndaşlarına qarşı zorakılıqlar tətbiq edir. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə bu hadisələrin çoxluğu artıq xarakterik hal alıb, hakimiyyət bu kimi antidemokratik hallarla nəinki mübarizə aparmır, özü bu üsullara əl atır”, - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova onu da qeyd edib ki, Fransada azərbaycanlı jurnalistə qarşı edilən qeyri-etik davranış bütün dünya mediasını düşündürməlidir.
“Fransada xarici media təmsilçilərinin təhlükəsizliyi ciddi təhdid altındadır. Görünən odur ki, Fransa hakimiyyəti onların maraqlarına zidd olan mitinqləri işıqlandıran bütün jurnalistlərin zor gücü ilə qarşısını almaq istəyir”, - deyə S.Mikayılova əlavə edib.