...

Növbədənkənar prezident seçkilərinin keçirilməsi müdrik tarixi qərardır - Deputat

Siyasət Materials 11 Dekabr 2023 11:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi mürəkkəb qlobal şəraitdə verilmiş müdrik tarixi qərardır.

Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

“Yeni reallıqlar fonunda verilmiş bu tarixi qərar ölkəmiz üçün yeni və daha qüdrətli bir dövrün başlanğıcı olacaq.

Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə və sentyabr ayında həyata keçirilmiş uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin bütün ərazilərində keçiriləcək bu seçki suverenliyimizin və ərazi bütövlüyümüzün təsbiti olacaq.

20 illik fəaliyyəti dövründə xalqımıza verdiyi bütün vədləri yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müqəddəs bayrağımızı işğaldan azad edilmiş bütün bölgələrimizdə dalğalandırdıqdan sonra keçiriləcək bu seçkiləri Zəfər seçkisi adlandırmaq olar.

Məhz cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, uzun illər davam edən işğaldan sonra ilk dəfə öz yurdlarına qayıdan vətəndaşlarımız doğma torpaqlarında seçki hüquqlarından istifadə edə biləcəklər”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, növbədənkənar Prezident seçkiləri dövlət başçısının özünəinamının və xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir.

“Eyni zamanda, qeyd etmək lazımdır ki, bu qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Beləliklə, ədalətli və şəffaf rəqabət mühitinin yaradılması təmin edilib. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin narazılığı yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.

Bu gün Azərbaycan beynəlxalq arenada və regionumuzda söz sahibinə çevrilib. Hamımıza məlumdur ki, yeni reallıqlar yeni çağırışlar doğurur. Belə bir mürəkkəb qlobal şəraitdə verilən bu tarixi qərar cənab Prezidentin müdrikliyinin növbəti təzahürüdür. Əminəm ki, qalib xalqımız hər zaman olduğu kimi, öz liderinin ətrafında sıx birləşəcək və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz yeni, ən qüdrətli dövrünə qədəm qoyacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti