Bakı. Trend:
Uğurlu xarici diplomatiya həyata keçirən Azərbaycanın dostluq etdiyi dünya ölkələrinin sayı gündən-günə artmaqdadır. Lakin təəssüf ki, qələbəmizi həzm edə bilməyən və regionda qarışıqlıq yaratmaq niyyətində olan Fransa bizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini davam etdirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.
O qeyd edib ki, qələbəmizdən öncə də anti-Azərbaycan fəaliyyətinə davam edən Fransa Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstək vermək əvəzinə, qərəzli və ikili siyasət apararaq, separatizmə dəstək verirdi.
Deputat vurğulayıb ki, Avropada insan haqları və hüquqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik edən Fransanın Azərbaycanın mədəniyyət abidəsinə qarşı belə bir barbarlıq nümayiş etdirməsi təəccüb doğurmur.
“Bildiyiniz kimi, Fransa şəhər meriyası mədəniyyətimizin simvolu hesab edilən, Azərbaycan bədii fikrinin görkəmli siması, Xan qızı Xurşidbanu Natəvanın 2017-ci ildə Fransanın Evian-le Ba şəhərində ucaldılan abidəsinin sökülməsi haqqında qərar çıxarıb. Natəvanın abidəsi ilə yanaşı, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazıların yığışdırılması ilə bağlı növbəti ədalətsiz qərar verib”, - deyə deputat bildirib.
O qeyd edib ki, öz daxili problemlərini həll etmək yerinə Ermənistanı silahlandırmaq kimi riyakar siyasət yürüdən Makron hökuməti Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.
“Ötən günlərdə ölkəmizdə fəaliyyət göstərən Fransanın casus şəbəkəsi peşəkar hüquq-mühafizə orqanlarımız tərəfindən ifşa edildi. Bu isə bir daha göstərir ki, Fransa geniş agentura şəbəkəsindən istifadə edərək müxtəlif ölkələrdə daxili sabitliyi pozmağa çalışır. Peşəkar xüsusi xidmət orqanlarımız tərəfindən Fransanın casus şəbəkəsinin dağıdılması Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin düzgünlüyünün və praqmatikliyinin göstəricisidir.
Hesab edirəm ki, Fransa hökuməti tez bir zamanda özünün təxribatçı planlarını və ölkəmizə qarşı qərəzli kampaniyasını dayandırmalı, sülh prosesinə mane olmağa çalışmamalıdır. Azərbaycan digər tərəfdaşları ilə münasibətlərdə olduğu kimi, Fransa ilə əlaqələrdə də hər zaman səmimi, ardıcıl siyasət yürüdüb. Fransa uğursuz təxribat siyasətinin heç bir nəticə verməyəcəyini anlamalıdır”, - deyə deputat əlavə edib.