Bakı. Trend:
Cozep Borelin çıxışı ondan xəbər verir ki, hal-hazırda Qərbdə açıq şəkildə Azərbaycanla bağlı sifariş yerinə yetirilir.
Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, bu Qərbin ayrı-ayrı ölkələrində ümumi götürdükdə Cənubi Qafqaz proseslərində Ermənistanı öz ətrafında dost qrupuna daxil etməsi sifarişidir:
"Həm sorosçular, həm Qərbdəki müəyyən qruplar Avropa İttifaqı, Fransa, Avropa Şurası, Avropa Şurası Assambleyası, Avropa Parlamenti və ABŞ-dəki bəzi qruplar Almaniya, Fransa kimi ölkələri qabağa buraxaraq ölkəmizə qarşı qərəzli ittihamların irəli sürülməsinə və "ciddi fəaliyyətlərinə" şahidlik edirik".
Z. Məmmədovun sözlərinə görə, məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, biriləri hansısa ölkələrlə əməkdaşlığını əsas tutaraq, başqa adları bəhanə edərək Azərbaycanı günahlandırır.
"Amma bu birmənalı şəkildə Bakı tərəfindən qəbul edilməyəcək. Avropa İttifaqı moderator idi və Azərbaycana böyük ümidlər var idi. Lakin Fransaya görə biz Avropa İttifaqının hal-hazırda moderator kimi Azərbaycan tərəfindən qəbul edilmədiyini görürük. Onlar Laçın yoluna getmək istəyir. Sual olunur ki, Laçın yoluna kim və niyə getmək istəyir?
Əgər siz Qarabağdakı ermənilərin vəziyyəti haqda danışmaq istəyirsinizsə, niyə o zaman minalanmış ərazilərlə bağlı danışmaq istəmirsiz. Əgər siz doğrudan da Azərbaycanla Ermənistan arasında sülh yaratmaq istəyirsinizsə, o zaman təkliflər verin, nümayəndə heyəti göndərin bu məslələrə baxılsın. Azərbaycanın guya ki, Ermənistan ərazisində hansısa iddiaları var. Birincisi həmin yerlərin Ermənistan ərazisi olub-olmamağı sual altındadır. Azərbaycanın hansısa ölkəni qəsb etmək kimi heç bir planı və iddiası yoxdur.
Bu söhbətlərin digər səbəblərindən biri də Zəngəzurla bağlıdır. Hazırda dünyada bəzi ölkələr Zəngəzurda ağalıq etmək istəyirlər. Ona görə də Azərbaycan və Avropa İttifaqı münasibətləri belə siyasətçilərə görə korlanmamalıdırlar",- deyə o, qeyd edib.