...

Tarixi əhəmiyyət daşıyan seçki

Siyasət Materials 16 Fevral 2024 11:04 (UTC +04:00)
Tarixi əhəmiyyət daşıyan seçki

Bakı. Trend:

Cənab İlham Əliyevin 14 fevral tarixində keçirilən andiçmə mərasimi Azərbaycanın ictimai-siyasi həyatına yeni dönəmin başlanğıcı kimi yazılan günlərdən biri kimi tarixə düşdü. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Bu andiçmə mərasimin ona görə tarixi əhəmiyyət var idi ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: “Bu, da “Sözümüz imzamızdır” deyən Prezident cənab İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş vermişdi. 2003-cü ildə ilk dəfə prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik tərəqqi yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. 2018-ci ildə andiçmə mərasimində cənab İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki il sonra Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən tarixi Qələbə əldə olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi.

Cənab İlham Əliyev çıxışında bildirdiyi kimi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi”.

Fevralın 7-də Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi. 7 fevral tarixində keçirilən seçkilər günü daha bir tarixi məqama şahidlik etdik. Cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər.

Prezident İlham Əliyev 14 fevral tarixində andiçmə zamanı çıxışında qeyd etmişdir: “Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü”. Məhz Xankəndidə yerləşən binada Qarabağı Azərbaycandan ayırmaq üçün sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi. Cənab İlham Əliyev həmin binada səs verməklə Ermənistana eyni zamanda xarici havadarlarına mesaj vermiş oldu və Qarabağ torpaqların əsil sahibləri bizlərin olduğunu sübut etmiş oldu.

Fevralın 14-də Milli Məclisdə keçirilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ölkə başçısı demişdir: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”.

Eyni zamanda cənab Prezident İlham Əliyev çıxışı zamanı qeyd edərək bildirmişdir ki, “Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq”. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək”. Seçkidən sonra yeni dövrün çağırışları hər bir azərbaycanlının qarşısında yeni hədəflər və vəzifələr qoyur. Güclü və qüdrətli Azərbaycan quruculuğunda hər birimiz səfərbər olmalı, yeni dövrün ideya və məramının müəyyənləşdirilməsi üçün elmi müzakirələr aparmalı, cənab Prezident İlham Əliyevin açdığı yolda yeni uğurlara, hədəflərə doğru inamla addımlayaraq, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti