Bakı. Trend:
Avropa İttifaqının Ermənistandakı missiyası Bakı və İrəvan arasındakı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində bildirilib.
“Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç
bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və
Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək
rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini
göstərir.
Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu
missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində
hər hansı bir rola malik ola bilməz”, - deyə A.Hacızadə
bildirib.
Onun sözlərinə görə, Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.