...

Ermənistan işğal dövründə Azərbaycana qarşı ekosid cinayəti törədib - Səbinə Əliyeva

Siyasət Materials 2 Oktyabr 2024 10:57 (UTC +04:00)
Ermənistan işğal dövründə Azərbaycana qarşı ekosid cinayəti törədib - Səbinə Əliyeva
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğala məruz qaldığı dövrdə həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycana qarşı beynəlxalq cinayət hesab olunan ekosid cinayəti törədilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal illərində Qarabağ bölgəsində müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb.

“Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində zərərli maddələrlə kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərib və bu, hazırda əhalinin həyat və sağlamlığı üçün son dərəcə ciddi təhlükə doğurmaqdadır.

Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün potensial təhlükə mənbəyinə çevrilmiş Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası texniki və mənəvi cəhətdən köhnələrək istismara yararsız vəziyyətə düşməsinə baxmayaraq, hələ də fəaliyyət göstərərək ətraf mühiti ciddi şəkildə çirkləndirməkdə davam edir.

Azərbaycan Ombudsmanı olaraq dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciət edərək Çernobıl və Fukuşimaya bənzər növbəti atom faciəsinin qarşısının alınması məqsədilə Metsamor Atom Elekrik Stansiyasının işinin təhlükəsiz şəkildə dayandırılmasını və tamamilə bağlanmasını, habelə radioaktiv tullantıların beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görülməsini tələb etməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etdik”, - deyə S.Əliyeva əlavə edib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti