Bakı. Trend:
Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı suallarımıza cavab almağa çalışdıq.
-Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq?
- Təşəkkür edirəm.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında düzgün struktur və kadr siyasəti dayanır.
Bundan başqa, Təşkilatımızın rayon şöbələrinin aktivliyinin artırılması, onların fəaliyyətinin stimullaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir.
Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar yerlərdə gənclər, veteranlar arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün onların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, qarşıdakı fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da dərinləşdirilməsi, Təşkilatın fəaliyyətinin bölgələrdə gücləndirilməsi əsas fəaliyət istiqmaətlərimizdən biri olacaq.
- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğindəki xüsusi roluna görə diqqət çəkib. Yəqin ki, bundan sonra da bu istiqamət Təşkilatın əsas fəaliyyət prioritetlərindən biri olaraq qalacaq?
-Şübhəsiz!
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğini gücləndirmək, onların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsini təmin etməkdir. Hansı ki, indiki həssas dönəmdə bu, ikiqat əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, məhz gənclərin vətənpərvərlik eşqi, vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi.
Biz bu gün də gənclərimiz arasında vətənpərvərlik ideologiyasının güclənməsinə xüsusi diqqət yetirməli, bu istiqamətdə əməli addımlar atmalıyıq. Odur ki, əsas məqsədlərimizdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməkdir.
Qeyd edim ki, Təşkilatımız bundan öncə də bu istiqamətdə çoxsaylı görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirmək, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etmək niyyətindəyik. İnanıram ki, biz bu işin öhdəsindən gələ biləcəyik.
Müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətləri Akademiyalarında, digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzimizdə olacaq.
-Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hansı addımlar atmağı planlaşdırır?
-Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq.
Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, çoxdan qəbul edilən bu qanunda zəruri dəyişikliklər edilməli, mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı orqanların diqqətinə çatdırmışıq.
- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq daha hansı yeniliklərə imza atmağı düşünürsünüz?
-Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi üçün tədbirlərin görülməsi, o cümlədən zəruri xarici səfərlər üçün maliyyə imkanlarının yaradılması da əsas məqsədlərimizdən biridir.
Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.
Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq.