Bakı. Trend:
Gürcüstanda keçirilən parlament seçkiləri əhalinin böyük əksəriyyətinin iştirakı ilə keçdi. Seçicilərin fəallığı yüksək oldu, xüsusilə soydaşlarımızın kompakt yaşadığı ərazilərdə seçici fəallığı 80 faizi ötdü.
Bunu Trend-ə siyasi şərhçi Elşad Həsənov deyib.
O qeyd edib ki, seçicilərin əksəriyyəti hakim “Gürcü arzusu” partiyasına səs verdi.
“Bunun da səbəbləri var idi. Soydaşlarımız sülhə, əminamanlığa səs verdilər, onlar istəmirlər ki, yaşadıqları ərazi düşmən tapdağına məruz qalsın, müharibə olsun. Onlar sabitlik, sakitlik istəyirlər. Bu mənada da Qərbin apardığı təxribat işləri nəticə vermədi, Qərbin dəstəklədiyi müxalifət lazımi səs toplaya bilmədi, hakim partiya böyük səs qazandı.
Bunun nəticəsində də Gürcüstanda bizim də istədiyimiz kimi inkişaf, sabitlik olacaq, nəinki Qərbin dəstəklədiyi proksi qüvvələr hakimiyyətdə olacaq, Ermənistanda olduğu kimi. Bilirik ki, Ermənistan Qərbin əlində bir alətə çevrilib, son iki ildir ki, Ermənistanı silahlandırır, Rusiyanı oradan sıxışdırıb çıxarmaq istəyirlər və müəyyən mənada buna nail oldular. Qərb istəyirdi ki, Gürcüstanda da proksi qüvvələr hakimiyyətə gəlsin və Ermənsitanla birlikdə Rusiyaya qarşı ikinci cəbhə açsınlar.
Bu, Qərbin istəyi, planları idi. Ancaq buna nail ola bilmədilər, çünki Gürcü xalqı və bizim soydaşlarımız buna qəti etirazların bildirdilər və hakim partiyanı, sülhü və əminamanlığı seçdilər”, - deyə E.Həsənov bildirib.
Politoloq qeyd edib ki, hakim partiya qələbə çalandan sonra Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik etdi və onu Azərbaycana dəvət etdi.
“Ermənistanın baş naziri Nikol Paşinyan da İrakli Kobaxidzeyə məktub göndərdi, ancaq çox sönük, dilucu bir təbrik məktubu oldu. Bu onu göstərir ki, əslində Ermənistan maraqlı idi ki, Gürcüstanda Qərbin əlaltıları hakimiyyətə gəlsin, məxməri inqlab baş versin və Ermənistanda olan silahlı qüvvələr Gürcüstan vasitəsilə Rusiyaya qarşı çevrilsin. Ancaq buna nail ola bilmədilər, çünki gürcü xalqı müharibə istəmir, xoş qonşuluq istəyir, sağlam dövlət maraqlarını qorumaq istəyirlər”, - deyə politoloq əlavə edib.
Milli Məclisin deputatı Samir Vəliyev isə bildirib ki, Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri hakim “Gürcü arzusu” partiyasının qələbəsi ilə başa çatdı.
“Gürcüstan xalqı öz siyasi iradəsini ifadə edərək seçimini azad və demokratik şəkildə gerçəkləşdirdi. Seçkilərin nəticələri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik baxımından da böyük önəm kəsb edir”, - deyə o qeyd edib.
Deputat qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrinin liderləri Gürcüstanın hakim partiyasına təbrik məktubları göndərirlər.
“Yalnız bu ölkədə öz təsiri altında olan siyasi qüvvələri hakimiyyətə gətirməyə çalışan Qərb dairələri parlament seçkilərinin nəticələrindən “məyus” olub. Qərb əvvəlcə Ermənistanda bu planı reallaşdıraraq öz adamını- Nikol Paşinyanı hakimiyyətə gətirib. İndi isə həmin planı Gürcüstanda reallaşdırmağa çalışırdı. Lakin buna nail ola bilmədi”, - deyə S.Vəliyev qeyd edib.
Millət vəkilinin fikrincə, Qərbin “adamı” olan Paşinyan da Gürcüstandakı seçkilərin nəticələrindən “məyusdur”.
“Bunu Paşinyanın gürcüstanlı həmkarına ünvanladığı məktubdan da aydın görmək mümkündür. Hiss olunur ki, Ermənistanın baş naziri təbrik məktubunu sadəcə məcburiyyətdən, protokol qaydalarına uyğun olaraq göndərib. Paşinyan hətta etika xatirinə olaraq, Gürcüstanın Baş nazirini ölkəsinə dəvət etməyib.
Hiss olunur ki, Paşinyan da Gürcüstandakı seçkilərdən başqa nəticələr gözləyirmiş. Əgər Gürcüstanda da Qərbin dəstəklədiyi siyasi qüvvələr hakimiyyətə gəlsəydi, Ermənistanla birgə xarici dairələrin vassalı funsksiyasını yerinə yetirəcəkdilər. Eyni zamanda, bu amil Qərbin regionda təsir imkanlarının artmasına səbəb olardı. Ancaq Gürcüstan xalqının seçimi onların məqsədini alt-üst etdi. Paşinyan isə gürcü həmkarına “quru məktub” göndərməklə Gürcüstana yaxşı qonşu və etibarlı tərəfdaş olmadığını nümayiş etdirdi”,- deyə S.Vəliyev vurğulayıb.