Bişkek. Trend:
Qırğızıstan qardaş Azərbaycana uğurlu COP29 arzulayır.
Trend xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Bişkekdə TDT xarici işlər nazirlərinin görüşündə deyib.
"Qlobal iqlim dəyişiklikləri davamlı inkişafa ciddi təhdid yaradır. Türk dövlətləri dağ tərəfdaşlığı üzrə beynəlxalq gündəmi fəal şəkildə irəli sürür, BMT Baş Assambleyasının dağlıq ərazilərin davamlı inkişafı ilə bağlı Qətnaməsini dəstəkləyir və öhdəliklərimizin həyata keçirilməsi barədə müzakirələr aparır. Həmçinin dağ tərəfdaşlığı və iqlim dəyişikliyi məsələləri ilə bağlı dialoqu davam etdirmək üçün iştirakçıları hər il iqlim konfransına dəvət etməyi planlaşdırırıq.
COP29 çərçivəsində Bakıda bu təşəbbüsü dəstəkləyəcəyinizə ümid edirəm. Azərbaycan və Braziliyaya bu əhəmiyyətli tədbirin təşkilində uğurlar arzulayıram və hamınızı noyabrın 13-də baş tutacaq dağ və iqlim gündəliyi üzrə yüksək səviyyəli görüşə qoşulmağa dəvət edirəm", - Jeenbek Kulubayev bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.