Elə bir dövrdə yaşayırıq ki, həqiqət manipulyasiya alətinə, yalan isə informasiya müharibəsinin silahına çevrilib. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-E190" sərnişin təyyarəsinin Qroznı səmasında vurulması və Qazaxıstanın Aktau şəhərinin yaxınlığında yerə düşməsi ilə bağlı faciədən araşdırılır. Amma indi Rusiya mediasında və hakimiyyətə yaxın Telegram kanallarında rəsmi Bakıya qarşı yeni, çirkin dezinformasiya, feyk xəbərlər və manipulyasiya hücumları görürük.
Hadisələr artıq tanış ssenari üzrə inkişaf edir: əvvəlcə yalan təsəvvür yaratmaq üçün məlumat dövriyyəyə buraxılır, sonra isə onu hökumətə bağlı nəşrlər geniş yayır. "Baza" Telegram kanalı tərəfindən dərc edilmiş pilotların danışıqlarının deşifrə olunmuş "məzmun"u buna parlaq bir nümunədir. Bu məlumatın rəsmi təsdiqi olmaya bilər, lakin onun dərhal Rusiya mediasında populyarlaşdırılması aydın siyasi sifarişdən xəbər verir: qəzanın səbəblərindən diqqəti yayındıraraq ikinci dərəcəli detallara yönləndirmək.
Həmin dərcə əsasən, AZAL təyyarəsinin ekipajı həm marşrut, həm də Rusiya hava limanlarında enişdən imtina ilə bağlı qərarları "müstəqil şəkildə" qəbul edib. Amma kim bu cür stress şəraitində qərar verər, əgər məqsəd insan həyatını xilas etmək deyilsə? Hadisələrin obyektiv təhlili əvəzinə, Rusiya mediası pilotların peşəkar hərəkətlərini səhv kimi təqdim edərək, diqqəti əsas sualdan yayındırır: bu təyyarə niyə ümumiyyətlə belə kritik vəziyyətə düşdü?
Təyyarə pilotları GPS siqnalının itirildiyini bir neçə dəfə bildiriblər. Daha dəqiq olsaq, altı dəfə.
Tam 6 dəfə!
Və bu, ehtimal olunan mexaniki təsirdən çox əvvəl baş verib. Ekspertlər artıq qeyd edirlər ki, təyyarənin “kor edilməsi” böyük ehtimalla Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti ilə bağlıdır. Bu sistemlər Ukrayna dronlarının Qroznıya hücumunun qarşısını almaq üçün həyata keçirilən "Kovyor" ("Xalça") əməliyyəti çərçivəsində işə salınıb.
Azərbaycan təyyarəsi isə bu əməliyyat barədə xəbərsizdir. Çünki heç bir xəbərdarlıq edilməmişdi.
Əməliyyatın nəticələrini isə, görünür, heç kim nəzarət altına almaq istəməmişdi.
Ancaq məsələ bununla bitmir. Sərnişinlər qəlpə yaraları aldıqlarını bildirirlər, təyyarənin gövdəsindəki zədələr isə zenit-raket komplekslərinin raketlərinin döyüş başlıqlarının qəlpələrinə uyğun gəlir. Bu heç də fərziyyə deyil - Azərbaycan tərəfi artıq zərbə nümunələrinə malikdir və təyyarənin qara qutularının ilkin təhlili də xarici təsir versiyasını təsdiq edir.
Bəs Rusiya tərəfi nə edir? Aşkarfaktları - öz hərəkətləri nəticəsində yaranan texniki nasazlıqları və təyyarənin mexaniki zədələnməsini etiraf etmək əvəzinə, Rusiya mediası pilotların qərarlarını şübhə altına alır. Halbuki bu qərarlar kritik vəziyyətdə itkiləri minimuma endirmək üçün verilmişdi.
Bu hadisə sadəcə bir faciədən ibarət deyil. Bu, dövlət maşınının öz günahını susdurmaq və qurbanı qaralamaq üçün mediadakı imkanlarından necə istifadə etdiyini göstərir. Niyə Rusiyanın heç bir rəsmi şəxsi GPS siqnalının niyə itirildiyini, AZAL təyyarəsinin bilərəkdən "kar və kor edilməsi"nin səbəblərini soruşmur? Niyə raket zərbəsi ilə bağlı faktlar görməzdən gəlinir?
Bunun əvəzinə, Azərbaycana qarşı ittiham dalğası başlanır - absurd eyhamlardan açıq təhqirlərə qədər.
Niyə?
Çünki səhvi qəbul etmək indiki Rusiya ritorikasına uyğun gəlmir. Bu, səhvlərini etiraf etməyi deyil, hər hansı bir qiymətə üzünü saxlamağı üstün tutanların siyasətidir, hətta bunun üçün günahı başqalarının üzərinə yükləmək lazımdırsa belə.
Bu faciənin əsas günahkarı - mülki təyyarəni təhlükə altına salanlardır. Ekipajı radioelektron mübarizə (REM) sistemlərinin işə salınması barədə xəbərdar etməyənlər, mülki aviareysə atəş açılmasına yol verənlər və məsuliyyətsizliyi ilə təyyarəni məhvə sürükləyənlərdir.
Azərbaycan xalqının həqiqəti tələb etmək, ədalətin bərpasını, məsuliyyətin qəbul edilməsini və zərərçəkmişlərə təzminat ödənilməsini istəmək tam haqqıdır. Günahın etiraf edilməsi, günahkarların cəzalandırılması və bütün zərərçəkmişlər qarşısında üzrxahlıq - Rusiya tərəfinin minimum yerinə yetirməli olduğu tələbdir.
Təəssüf ki, bunun əvəzinə biz faktların manipulyasiya edildiyini, faciənin pilotların qərarlarının müzakirəsinə çevrildiyini görürük. Bu cür yanaşmalar təkcə araşdırmaya olan etimadı sarsıtmır, həm də qurbanların xatirəsinə hörmətsizlikdir.
Rusiya hakimiyyəti anlamalıdır ki, həqiqəti gizlətmək mümkün deyil. Tez ya gec, gerçək mənzərə üzə çıxacaq. O zaman bu suallar təkcə Bakıdan deyil, dünyanın müxtəlif paytaxtlarından da veriləcək. Çünki heç bir ölkə artıq susqunluq və yalan siyasətini qəbul etməyəcək.
Azərbaycan təyyarəsinin ekipajı maksimum peşəkarlıqla hərəkət edib. Xarici təsirlərin yaratdığı qeyri-adi şəraitdə sərnişinləri xilas etmək üçün əllərindən gələni ediblər. Təyyarənin hidravlik idarəetməsini itirməsi, oksigen səviyyəsinin azalması, GPS siqnalının itirilməsi - bütün bunlar Rusiya REM sistemlərinin işə salınması fonunda baş verib. Təyyarə oriyentirlərdən məhrum vəziyyətdə, hər dəqiqənin həlledici olduğu bir ərazidə uçurdu. Belə bir vəziyyətdə ekipaj yeganə düzgün qərarı verdi: təyyarəni Aktau istiqamətinə yönəltmək.
Aktau bölgəsinin düzən relyefi, az sıxlıqda yaşayış məntəqələri və dəniz üzərində təcili eniş ehtimalı onlarla insanın həyatını xilas edən əsas amillər oldu.
Ancaq Rusiya mediası pilotların qəhrəmanlığından danışmaq əvəzinə, onların peşəkarlığını şübhə altına alaraq danır. Danışıqların "yazı"ları yayılır, səhvlər barədə yanlış təsəvvürlər yaradılır, diqqət əsas səbəblərdən nəticələrə yönəldilir. Görürük ki, peşəkar manipulyasiya maşını necə işləyir: faciə təzyiq vasitəsinə çevrilir.
Rusiya mediası nəyi gizlədir? Ekipajın altı dəfə (!) qeyd etdiyi GPS siqnalının itkisi təyyarəyə xarici təsirdən əvvəl baş verib. Bu fakt REM sistemlərinin təyyarəni “kor etməsi” ehtimalını gücləndirir, amma bu barədə susulur. Sərnişinlərin qəlpə yaraları alması ilə bağlı ifadələri də görməzdən gəlirlər. Azərbaycan tərəfinin təsdiqlədiyi, zenit-raket sistemlərinin mərmilərinə uyğun gələn gövdə zədələri haqqında heç nə deyilmir.
Bundan əlavə, Rusiya tərəfinin "Kovyor" ("Xalça") əməliyyatını həyata keçirərkən Azərbaycan təyyarəsini xəbərdar etməməsi faktı da müzakirədən kənarda saxlanılır. Bu, təkcə məsuliyyətsizlik deyil, həm də qəsdən təhlükə yaratmağın göstəricisidir.
Həqiqət mütləq üzə çıxacaq. Ancaq o vaxta qədər manipulyasiya və susqunluq siyasəti Rusiya ilə Azərbaycan arasında inamı sarsıdır. Azərbaycan susmaq niyyətində deyil və ədalətin bərpa olunmasını tələb edir. Çünki bu faciə yalnız günahkarların məsuliyyətə cəlb olunması ilə bitə bilər. Həqiqət həmişə olduğu kimi, hər cür yalandan güclüdür.
Bu, sadəcə bir məsuliyyətsizlik deyil. Bu, insan həyatına qarşı tam bir laqeydliyin nümayişidir. Təyyarənin ekipajı mümkün olmayan şəraitdə hərəkət edərək insanların həyatını xilas etməyə çalışdığı halda, bu faciəni onların üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışılır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev faciəni şərh edərkən, məsələnin əsas mahiyyətini vurğuladı. O, intiqamdan, təhdidlərdən və ya cavab tədbirlərindən danışmadı. Əsas məqsədin ədalətin bərpası, günahkarların məsuliyyətə cəlb edilməsi və zərərçəkmişlərə təzminat ödənilməsi olduğunu bildirdi. Amma əvəzində biz Rusiya tərəfdən yalnız faktların manipulyasiyasını, məsuliyyətdən yayınma cəhdlərini və faciənin ekipajın hərəkətləri ilə əlaqələndirilməsini görürük.
Bu, sadəcə bir informasiya hücumu deyil. Bu, nəticələrdən qaçmaq üçün soyuqqanlı bir cəhddir. Amma həqiqət qaçılmazdır. Gec-tez əsas sual verilməlidir: niyə mülki sərnişin təyyarəsi döyüş əməliyyatlarının mərkəzinə düşdü? Mülki təyyarənin hədəfə çevrildiyi şəraiti kim yaratdı?
Azərbaycan təyyarəsinin Aktau yaxınlığındakı faciəsi ilə bağlı əsas sual tam aydın şəkildə səslənir: bu təyyarə niyə vuruldu? Təyyarənin harada enməsi və ya ekipajın qərarlarının hansı şəraitdə verilməsi müzakirə olunmalı deyil. Əsas məsələ, niyə və kim tərəfindən mülki təyyarənin məhv edilməsi faktıdır.
Rusiyanın bu suala dürüst cavab vermək əvəzinə, həqiqəti gizlətməyə çalışdığı göz önündədir. Media məkanı mənasız versiyalar və manipulyasiyalarla doldurulur. Təyyarənin ekipajının Qroznıda və ya Mahaçqalada eniş etməməsi ilə bağlı müzakirələr təyyarənin gövdəsində aşkar olunan "Pantsir S1" hava hücümundan müdafiə kompleksinin raketlərinin qəlpələri və pilotların kabinəsində baş verən partlayışların səbəbləri ilə müqayisədə əhəmiyyətsizdir. Əgər həqiqətən də həqiqətin ortaya çıxarılmasında maraq olsaydı, məhz bu suallar araşdırmanın mərkəzində olardı. Amma onlar görməzdən gəlinir, sanki heç olmayıb.
Bu vəziyyətdə Azərbaycan tərəfi maksimum korrektlik nümayiş etdirir. Nə Azərbaycan mediası, nə ekspertlər, nə də ictimaiyyət Rusiyanı açıq təhqir etmədi, baxmayaraq ki, açıq-aşkar təxribatlar baş verdi. Əksinə, diqqət ədalətli və şəffaf araşdırmanın vacibliyinə, günahkarların cəzalandırılmasına və zərərçəkmişlərə təzminat ödənilməsinə yönəldildi.
Amma Rusiyanın reaksiyası kobud və hörmətsiz oldu. Təhqirlərlə dolu məqalələr, təbliğat xarakterli şoular və faktların manipulyasiyası Rusiyanı güclü dövlət kimi deyil, öz səhvlərindən qorxan və açıq yalanlar da daxil olmaqla, hər vasitə ilə özünü müdafiə etməyə çalışan bir ölkə kimi təqdim edir. Bu davranış nəinki layiqsizdir, həm də Rusiyanın beynəlxalq imicini məhv edir, onu etibarlı tərəfdaş kimi qəbul edənləri məyus edir.
Azərbaycan xalqı Rusiyadan yalnız məsuliyyətli yanaşma deyil, həm də beynəlxalq normalara və insan həyatına hörmət gözləyir. Səhvlərin etirafı, günahkarların cəzalandırılması və zərərçəkmişlərə təzminat ödənilməsi yalnız tələb deyil, bu, ədalətin əsas prinsipləridir. Lakin Rusiya tərəfi bu yolu seçmək əvəzinə, faciənin səbəblərindən diqqəti yayındıraraq gərginliyi daha da artırır.
Bu taktika nəticə verməyəcək. Azərbaycan münaqişənin eskalasiyasına can atmır, lakin ədalətsizlik, təhqir və təxribatlara dözmək fikrində deyil. Əsas məsələdən diqqəti yayındırmaq üçün hər cəhd yalnız etimadsızlığı gücləndirir və münasibətlərin bərpasını çətinləşdirir.
Hazırkı vəziyyət bəhanələr deyil, səhvlərin dürüst şəkildə etiraf edilməsini tələb edir. Rusiya anlamalıdır ki, faktlarla manipulyasiya və məsuliyyətdən yayınma problemi həll etməyə yox, onu dərinləşdirməyə xidmət edir. Gerçək tərəfdaşlıq dürüstlük, hörmət və məsuliyyət üzərində qurulur.
Bütün bu sınaqlara baxmayaraq, Azərbaycan tərəfi dialoqa və ədalətin bərpasına hazır olduğunu göstərir. İndi söz Rusiyadadır: o, manipulyasiya siyasətini davam etdirmək və ya etimadı bərpa etmək arasında seçim etməlidir. Yalnız dürüst və məsuliyyətli yanaşma hörməti qaytara və münasibətlərin daha da pisləşməsinin qarşısını ala bilər.
Amma vaxt gedir. Hər yalan və bəhanə ilə itirilən gün etimadı bərpa etməyi daha da çətinləşdirir. Rusiya bunu anlamalıdır. Çünki həqiqət nə qədər acı olsa da, hər zaman istənilən manipulyasiyadan daha güclüdür.