Bakı. Trend:
Ötən il Azərbaycanda əsas kapitala 21435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb.
Bildirilib ki, istifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyon manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Qeyd olunub ki, əsas kapitala yönəldilmiş investisiyaların 18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalar təşkil edib. Məlumata görə, əsas kapitala yönəldilmiş investisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.