Bakı. Trend:
2023-cü ildən etibarən PAŞA Holding-in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində şəhid övladları holdinqin törəmə şirkəti olan PAŞA Sığorta tərəfindən sığortalanır. Sözügedən sığorta xidməti 2025-ci ilidə də davam edəcək.
Xatırladaq ki, PAŞA Holding tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün 3 istiqamətdə aparılan sosial dəstək proqramı artıq üçüncü ildir ki, davam etdirilir. 2024-cü ildən etibarən bu proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə olunub. Layihə çərçivəsində sözügedən uşaqlar müəyyən bayram günləri münasibətilə bayram paketləri, təhsil paketi və genişləndirilmiş sığorta paketi ilə təmin edilir. Genişləndirilmiş sığorta paketi digər xidmətlər ilə yanaşı stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur.
Proqram çərçivəsində iki il ərzində PAŞA Sığorta tərəfindən 1000dən çox müraciət üzrə xidmət göstərilib. Bunlar arasında ambulator, statsionar, təcili yardım, stomatoloji, pediatriya, nevrologiya, oftalmologiya istiqamətləri üzrə xidmətlər yer alıb.
“Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan tibbi sığortadan yararlanmaq üçün *7000 Sığorta Məsləhətləri Xəttinə müraciət etmək lazımdır.