Bakı. Trend:
Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti məlum olub.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 17 yanvar 2025-ci il tarixdə müxtəlif bədən xəsarətləri ilə 4 nəfər (3 kişi, 1 qadın cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Yardım şöbəsinə hospitalizasiya ediliblər.
“Onlara ilkin tibbi yardım göstərilib. Evə buraxılmaları nəzərdə tutulur”, - deyə o bildirib.
Daha öncə TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05 radələrində Abşeron rayonu, Atyalı, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub”, - deyə TƏBİB-dən bildirilib.
Xatırladaq ki, bu gün Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verib. Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.