Bakı. Trend:
Cari ilin 20-23 yanvar tarixlərində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, iqtisadi əlaqələri gücləndirmək və müxtəlif sahələrdə yeni investisiya imkanlarını araşdırmaq məqsədilə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri baş tutacaq.
20-21 yanvar tarixlərində nümayəndə heyəti Bavariya İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və Münhendə keçiriləcək Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edəcək. Tədbirdə iştirakçılara Azərbaycanda mövcud investisiya imkanları haqqında ətraflı məlumat veriləcək.
22-23 yanvar tarixlərində nümayəndə heyəti Mayns şəhərində baş tutacaq “Annual Reception of Economy 2025” və "Azərbaycan: Gələcəyin Mərkəzi - Alman Şirkətləri üçün Strateji İmkanlar" tədbirlərində iştirak edəcək. Tədbir iştirakçıları Azərbaycanın strateji layihələri, ölkənin regional logistika mərkəzi kimi rolu və xarici investisiyaların cəlb edilməsinə köklənmiş əhəmiyyətli iqtisadi inkişafı haqqında məlumatlandırılacaq.