...

Bayden administrasiyası Blinkenin simasında iflasa uğrayan xarici siyasət kursunu son anadək davam etdirir – ŞƏRH

Siyasət Materials 17 Yanvar 2025 19:19 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsində “Dağlıq Qarabağ" ifadəsinin işlənməsi beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə zidd olmaqla yanaşı, həm də ABŞ-nin özünün milli maraqlarına ciddi zərbədir. Görünən odur ki, Bayden administrasiyası, daha doğrusu, Soros iqtidarı Antoni Blinkenin simasında iflasa uğrayan xarici siyasət kursunu son anadək israrla davam etdirmək niyyətindədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, ötən 4 il ərzində bu kurs Cənubi Qafqazda ABŞ-nin mövqelərini köklü şəkildə zəiflədib, Vaşinqtonu işğal, təcavüz və çoxsaylı cinayətlərdə ehtiva olunan status-kvonun tərəfdarı kimi tanıdıb:

“Üstəlik, Blinken və komandası heç bir yolla və formada müdafiə etdiyi mövqeyini realizə edə bilməmiş, əksinə məhz Blinkenin rəhbərliyi dövründə Amerika xarici siyasət idarəsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesi başda olmaqla, Cənubi Qafqazda bir sıra fəaliyyətlərdən kənarda qalıb. Bu isə birmənalı şəkildə elə Bayden administrasiyasının özünün səhvidir.

Belə ki, əgər əvvəllər Amerika hakimiyyətləri ayrı-ayrı dövlətlərə münasibətdə çatdırmaq istədikləri tezisləri media, yaxud dövlətin nəzarətində olan qeyri-hökumət təşkilatları vasitəsilə, xüsusi hallarda isə konqresmenlər və senatorlar tərəfindən dilə gətirilməklə ifadə edirdilərsə, son 4 ildə ABŞ-nin Dövlət Departamenti və şəxsən dövlət katibi və müavinləri başda olmaqla, ayrı-ayrı diplomatlar Vyana Konvensiyası, o cümlədən beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə zidd, diplomatik etikaya heç bir formada uyğun olmayan davranışlar nümayiş etdiriblər”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Blinken və komandası ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin mətnində “Dağlıq Qarabağ” ifadəsinə yer verməklə regionda hansısa əsaslı dəyişikliklərə, yaxud ABŞ-nin Cənubi Qafqazdakı itirilmiş mövqelərinin bərpasına nail olmayacaq.

“Əksinə bu kimi ifadələr ABŞ-nin bölgədə mövqelərini köklü şəkildə sarsıtmaqda davam edərək Baydendən sonra hakimiyyəti təhvil alacaq Tramp administrasiyası üçün mürəkkəb və həlli çoxsaylı səylər tələb edən situasiya miras buraxmış olur. Bu mənada, əminliklə demək olar ki, Bayden administrasiyası və xüsusən Blinkenin rəhbərlik etdiyi ABŞ xarici siyasət kursu ABŞ-nin dövlətçilik tarixinin bu ölkənin milli maraqları ilə uzlaşmayan, beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prisiplərə daban-dabana zidd olan və Vaşinqtonun qlobal mövqeyinə ən böyük zərbəni vuran status-kvonun səbəbkarı kimi yadda qalacaq”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev isə Trend-ə açıqlamasında hakimiyyətdən getməyə bir neçə gün vaxtı qalan Bayden administrasiyasının Ermənistanla təxribat xarakterli strateji tərəfdaşlıq sazişi imzalamasını şərh edib:

“Bu ilk növbədə Bayden və onun komandasının anti-Azərbaycan və Azərbaycanafob siyasətinin göstəricisidir. Eyni zamanda Tramp üçün çox ciddi zərbə və problem qoyub getmək cəhdidir. Məlum məsələdir ki, bu Tramp administrasiyası üçün basdırılan minadır. Çünki Tramp proqmatik bir siyasətçi olaraq hakimiyyətə gələn kimi Baydendən miras qalmış problemli məsələlərin həlli istiqamətində fəaliyyət aparacağını deyib, ABŞ-nin xarici siyasətinin katastrofik səviyyəyə çatdırılmasında Baydeni ittiham edib”.

Millət vəkili xatırladıb ki, Tramp Ukraynadakı müharibədən başlayaraq dünyadakı ABŞ xarici siyasətinin fiaskoya uğramasının əsas səbəbkarı kimi Baydeni göstərib:

“Hazırda isə şahidi oluruq ki, Bayden məhz Cənubi Qafqaz üzərindən də xaos yaratmaq cəhdindən əl çəkməyib. Bunu beynəlxalq Soros şəbəkəsinin açıq cəmiyyət tərəfdarlarının fiaskosu və son aqoniyası hesab edirəm. Ermənistanla saziş imzalamaqla Bayden bir neçə gün ərzində Cənubi Qafqazda nəyisə dəyişməyə çalışırsa, bu onun infantil, naşı siyasətçi və prezident olduğunun göstəricidir. Baxmayaraq ki, dünyanın hegemon ölkəsinə rəhbərlik edir, heç bir resursu, dəyəri olmayan Ermənistan üzərindən Azərbaycana, onun müttəfiqlərinə, Cənubi Qafqaza qarşı oyun qurmaq yalnız uzağı görməyən siyasətçilərə xasdır”.

Tural Gəncəliyev bildirib ki, praqmatik düşüncəyə sahib olan Tramp gündəmdəki bütün məsələlərə yenidən baxacaq.

“Azərbaycan-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasının əsas səbəbkarı da Baydendir. Tramp məhz bu kontekstdən çıxış edərək Baydenin bütün xarici siyasətini yenidən nəzərdən keçirəcək. Demokratlar Partiyasıın səhvlərinin düzəldilməsi, onların bağladıqları müqavilənin ləğv edilməsi baxımından Trampı ABŞ prezidentlərinin rekordçusu hesab edirəm. Tramp birinci kadensiyasında o vaxtkı Obama administrasiyasının xarici siyasətlə bağlı əksər müqavilələrini ləğv etmişdi və onları kənara tullamışdı. Hesab edirəm ki, Ermənistanla bağlanmış “strateji tərəfdaşlıq” sazişini də eyni aqibət gözləyir.

Obama administrasiyası İranla nüvə sazişi imzalamışdı, ətraf mühitlə bağlı Paris Sazişinə qoşulmuşdu, bundan əlavə “Açıq Səma haqqında” Saziş bağlamışdı. Tramp hakimiyyətə gələn kimi həmin razılaşmaları ləğv etmişdi. Tramp münaqişəli və problemli məsələlər olan yerlərə müdaxilə etmək siyasəti yürütmür. O daha çox anti-Çin, Sakit Okean və Qrenlandiya üzərindən Arktikada siyasət qurmaq, Panama kanalı üzərində ABŞ suverenliyinin bərpası istiqamətində fəaliyyət göstərəcək, Ermənistan üzərindən oyun qurmayacaq, Baydenin basdırdığı "mina”ya, tələyə düşməyəcək”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti