Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makronun 6 yanvar 2025-ci il tarixində Parisdə keçirilən səfirlərin illik toplantısında verdiyi sərt bəyanatlar Afrika ölkələrində böyük əks-səda doğurub.
Makron noyabr ayında Əlcəzair hava limanında saxlanılmış əlcəzairli yazıçı Bualem Sansalın dərhal azad edilməsini tələb edib.
Öz nitqində o bildirib ki, "sevdiyi və keçmişini bölüşdüyü Əlcəzair şərəfsiz bir iş görüb və Sansalı saxlamaqla onun tibbi müalicəsinə əngəl törədir".
Markonun bu bəyanatı Afrika KİV-də tənqid atəşinə tuş gəlib. Əlcəzairin "ElwataniaTV" teleşirkəti Fransanın bu sözlərinin rüsvayçı və qeyri-məqbul olduğunu bildirərək, Makronun rəhbərliyi altında Fransanın irqçilik və islamafobiya elementlərinin olduğu anti-Əlcəzair cərəyanlarının əsirinə çevrildiyini qeyd edib. Eyni zamanda Fransanın müstəmləkəçi keçmişi ilə bağlı bəzi məsələlərə toxunulub və tarixi mirasa görə məsuliyyəti öz üzərinə götürməyə qadir olmaması vurğulanıb.
Mərakeşin “Atlantic Radio” radiostansiyası qeyd edir ki, Makronun Afrikanın təhlükəsizliyi və suverenliyinə dəstəklə bağlı bəyanatları ciddiyə alınmır. Belə ki, Fransa bu rolu yerinə yetirmək üçün nə lazımı imkana, nə də ki, lazımı legitimliyə malikdir. Anoloji mövqeni Çad hökumətinin nümayəndələri ortaya qoyublar və Makronun söylədiklərini Afrika dövlətlərinə biganəlik kimi qiymətləndiriblər.
Livanın “Al Mayadeen TV” telekanalı Makronun öz imicinə əl gəzdirmək səylərinə diqqət çəkərək, Fransanın Afrikadakı siyasətinə diqqət ayırıb, ancaq onun nitqi Çad və Seneqalın sərt ittihamlarına yol açıb.
Seneqalın “RTS2” kanalı qeyd edir ki, müasir Afrika dövlətləri öz müstəqil xarici siyasət kurslarını çoxdan müəyyənləşdiriblər və Fransa qitə üzərində olan əvvəlki nüfuzunu əhəmiyyətli dərəcədə itirib.
“BurkinainfoTV” isə birbaşa olaraq Makronu müstəmləkəçi baxışlarda ittiham edib və onun afrikalıların guya “naşükür olması” ilə bağlı bəyanatını tənqid atəşinə tutub. KİV Fransa prezidentinin afrikalıları bərabər tərəfdaşlar kimi qəbul etməyə qadir olmamaqda ittiham edib və Afrika resurslarının daha Avropa ölkələrinin qəniməti olmadığını vurğulayıb.