Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞPA) uzun illərdir, demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxış edir. Lakin zaman keçdikcə bu qurumun siyasi yanaşmalarında ikili standartların artdığı, ölkələrin daxili siyasətinə müdaxilə cəhdlərinin gücləndiyi müşahidə olunur. Bunun ən son nümunəsi Gürcüstan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətlərini dayandırmaq qərarıdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, AŞPA-nın Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və “siyasi məhbus”ların azad olunmasını tələb edən qətnamə qəbul etməsi ədalətsizdir:
“Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub. Hakim “Gürcü Arzusu” Partiyasından qeyd edilən tələbləri aprel ayınadək yerinə yetirməsi tələb olunur. Belə bir şəraitdə Gürcüstan nümayəndə heyətinin qurumdakı fəaliyyətini dayandırdığını bəyan etməsi doğru addımdır. Çünki subyektiv yanaşma əsasında, bir milli dövlətin və onun xalqının iradəsinə qarşı çıxmaq qəbuledilməzdir”.
Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin rəhbərinin bu barədə açıqlaması bir sıra mühüm suallar doğurur:
“AŞPA həqiqətən, obyektiv və qərəzsiz beynəlxalq institutdursa, niyə bəzi ölkələrə qarşı sərt mövqe tutur, digərlərinə isə eyni prinsipləri tətbiq etmir? Gürcüstanın hakim partiyası açıq şəkildə bildirir ki, bu qurum müəyyən dairələrin maraqlarını həyata keçirmək üçün alətə çevrilib və onun qərarları daha çox siyasi məqsədlərə xidmət edir. Həqiqətən də, belədir. Gürcüstanın AŞPA-dakı fəaliyyəti dayandırması bu qurumun son illərdə apardığı siyasətə qarşı artan narazılığın bir hissəsidir. Gürcü nümayəndələrinin əsas narahatlığı, AŞPA-nın obyektivliyini itirməsi və bəzi ölkələrə qarşı siyasi təzyiq mexanizminə çevrilməsidir.
Deputat əlavə edib ki, bu təkcə Gürcüstana aid olan bir məsələ deyil, Azərbaycan da AŞPA-nın ikili standartları ilə dəfələlərlə üzləşib.
“Ermənistan Azərbaycanın torpaqlarını uzun illər işğal altında saxladığı halda, qurum bu təcavüzkar ölkəyə qarşı heç bir qərar qəbul etməyib. Əksinə, Azərbaycana qarşı insan haqları və demokratiya bəhanəsi ilə müxtəlif sənədlər qəbul ediblər. Dövlətimiz özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə AŞPA Azərbaycana qarşı daha da aqressivləşdi. Ötən ilin yanvarında qurumun qəbul etdiyi qərar bunun göstəricisidir. Lakin Azərbaycan güclü dövlətdir və dövlətimizlə heç kim diktə dilində danışa bilməz. Ölkəmiz qurumun ədalətsiz qərarına qarşı adekvat addımını atdı”, - deyə o bildirib.
Sevinc Fətəliyeva qeyd edib ki, son illərdə başqa ölkələr də, məsələn Türkiyə, Macarıstan və Polşa AŞPA-nın bəzi qərarlarına qarşı etirazlar səsləndiriblər:
“Bütün bunlar onu göstərir ki, AŞPA müəyyən dairələrin əlində alətə çevrilib. Bu da həmin qurumun beynəlxalq təşkilat kimi imicinə güclü zərbə vurur. Ona görə də təşkilat öz gələcəyini ciddi düşünməlidir”.
Milli Məclisin deputatı Tural Gəncəliyev isə Trend-ə açıqlamasında bildirib ki, Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətinə xitam verməsi haqqında qərar təqdirəlayiqdir:
“Çünki Gürcüstan da Azərbaycan kimi çox böyük təzyiqlərə məruz qalır. AŞPA Avropa Şurasına üzv olan, Parlament Assambleyasında təmsil olunan ölkələrə qarşı diqtə yolu ilə danışır, özlərinin sadiq olduğu demokratik prinsip, dəyərlərə uyğun hərəkət etmir. Onsuz da Azərbaycan nümayəndə heyəti olaraq biz də bu ikiüzlü, riyakar, ədalətsiz yanaşmanın şahidi olmuşuq. AŞPA-ya ilk dəfə öz layiqli yerini göstərən Azərbaycan nümayəndə heyəti olub. Bizimlə şərtlərlə, diqtə yolu ilə danışılmasının yolverilməz olduğunu bildirmişdik və tərk etmişdik. AŞPA Gürcüstanla bağlı qəbul etdiyi müvafiq sənəddə şərt qoyur ki, ölkədə yenidən parlament seçkiləri keçirilməlidir, yenidən seçkilərə baxılmalıdır və s. AŞPA-nın tələbləri, mövqeyi o qədər anti-demokratik istiqamətdə inkişaf edir ki, insanda təəccüb doğurur”.
Millət vəkili vurğulayıb ki, AŞPA artıq təzyiq alətinə çevrilib.
“Ölkələrin AŞPA-ya üzvlüyünü yenidən seçkilərin keçirilməsi, onların daxili işlərinə qarışmaqla şərtləndirirlər. Avropa siyasi dairələrinə tabe olan, onların dediyi ilə oturub duran, komformist siyasət aparan ölkələrlə heç bir problemi yoxdur. Kim ki, müstəqil siyasət aparır, öz dəyərlərinə sadiqdir, ənənəvi dəyərlərindən vaz keçmir, onlara qarşı nə qədər çirkin, qarayaxma kampaniyaları aparır. Gürcüstandakı parlament, prezident seçkilərindən sonra bu ölkəyə təzyiqlər çoxdur. Son zamanlar xüsusilə Fransa, onun əlaltıları, “liberal” dəyərlər adı altında özünü təqdim edən qüvvələr müstəqil xarici siyasət aparan ölkələr, Azərbaycana, Gürcüstana qarşı təzyiqlər edirlər ki, Avropanın dəyərləri çərçivəsində özlərini uyğunlaşdırsınlar. Bu isə tamamilə qəbuledilməzdir. AŞPA bu kimi addımları, gedişləri ilə özünü ifşa edir. Artıq neçənci ölkədir ki, AŞPA sıralarını tərk edir. AŞPA özünü əvvəllər “xristian klubu” kimi təqdim edirsə, indi isə liberal dəyərlərə söykənib konservativ dəyərləri dağıdan, insani, bəşəri dəyərlərə qarşı çıxış edən klub kimi çıxış edir”, - deyə deputat qeyd edib.