Bakı. Trend:
Hava hücumundan müdafiə sisteminin zərbəsi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin hidravlikasını sıradan çıxarıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.
Hesabatda hava hücumundan müdafiə sisteminin raketinin qəlpələri ilə zədələnmiş hidravlik sistemləri əks etdirən fotoşəkillər təqdim olunur.
Məhz bu səbəbdən təyyarə sükan idarəetməsini itirib və ekipaj mühərrikin təkanını tənzimləyərək Aktauya çatmağa çalışıb. Bu manevr zədələnmiş təyyarəni ən azı qismən idarə etməyin yeganə yolu olaraq qalırdı.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.