...

Uğurlarla zəngin 1 il

Siyasət Materials 7 Fevral 2025 10:33 (UTC +04:00)
Uğurlarla zəngin 1 il

Bakı. Trend:

Bu gün İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin birinci ili tamam olur. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə xalqımız Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərməklə Heydər Əliyev ideyalarının davam etdirilməsinə, Azərbaycanın inkişafına, firavanlığa və sabitliyə səs verdi.

Cənab İlham Əliyevin seçkilərdəki qələbəsinin təməlində Azərbaycan Prezidenti kimi 2003-cü ildən etibarən həyata keçirdiyi uğurlu fəaliyyət dayandı. Bu dövrdə Azərbaycanın dinamik iqtisadi inkişaf mərhələsinə qədəm qoyması, vətəndaşların sosial rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, Heydər Əliyevin müəllifi olduğu enerji siyasətinin öz hədəflərinə çatması, regionun aparıcı dövlətinə çevrilməsi məhz cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasi kursunun nəticəsində mümkün olub. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan beynəlxalq səviyyədə özünün milli maraq və mənafelərini təmin edib, enerji və iqtisadi layihələrini inamla həyata keçirib. Elə buna görə də Azərbaycan Cənubi Qafqaz regionunda lider, dünyada isə güclü mövqeləri olan dövlət kimi tanınır.

Möhtərəm Prezidentimizin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük və tarixi xidməti isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatçılığına son qoyulmasıdır. Hələ 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, bizim səbrimiz tükənməz deyil və Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Bunun üçün Prezident İlham Əliyev bütün imkanlardan və potensialdan səmərəli istifadə etdi, Azərbaycanın inkişafına nail olmaqla, həm də Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini ən müasir səviyyəyə çatdırdı. Eyni zamanda cənab İlham Əliyev həmişə bəyan edib ki, əgər sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımız güc yolu ilə işğaldan azad ediləcək. Hər zaman sözünə və vədinə sadiq olan cənab İlham Əliyev necə demişdisə, elə də etdi. Möhtərəm Prezidentimizin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu təcavüzkar Ermənistanı döyüş meydanında cəzalandırdı, torpaqlarımız güc yolu ilə işğaldan azad edildi. Vətən müharibəsindəki tarixi zəfərimizin davamı olaraq 2023-cü ilin sentyabr ayında Qarabağdakı erməni separatizmi də ordumuz tərəfindən məhv edildi və bütün torpaqlarımız üzərində milli suverenliyimiz təmin olundu.

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri zamanı xalqımızın öz seçimini müəyyən etməsinin əsasında məhz bu amillər dayandı. Vətəndaşlar Azərbaycanı inkişaf yoluna çıxaran, torpaqlarımızı işğaldan azad edən, xalqımıza qalibiyyət gətirən siyasi kursun davam etdirilməsinə səs verdilər, Müzəffər Ali Baş Komandan İlham Əliyevə etimad göstərdilər.

Onu da qeyd etmək lazımdlır ki, növbədənkənar prezident seçkilərinin mühüm siyasi-ictimai hadisə kimi Azərbaycanın tarixində xüsusi yeri var. Çünki ilk dəfə olaraq məhz bu seçki bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin edildiyi bir tarixi şəraitdə keçirildi. Başqa cür desək, bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin bütün coğrafiyasını birbaşa əhatə etməklə keçirilən ilk seçki oldu. Azərbaycan vətəndaşları ilk dəfə olaraq məhz bu seçkidə işğaldan azad edilmiş ərazilərimizdə, uzun müddət erməni separatçılığının yuvası olmuş Xankəndidə səs verdilər. Bu mənada növbədənkənar prezident seçkilər həm də Azərbaycanın ərazi bütövlüyünün və milli suverenliyinin bərpasını, torpaqlarımızda erməni separatçılığına son qoyulduğunu dünyaya bəyan etdi.

Növbədənkənar prezident seçkiləri həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonra respublikamızın qədəm qoyduğu yeni dövrün bir növ başlanğıcıdır. Ötən il fevral ayının 14-də Milli Məclisdə andiçmə zamanı çıxışında Prezident İlham Əliyev bununla bağlı deyib:

«İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur»

Geridə qoyduğumuz bir ilin mənzərəsi cənab Prezidentin bu sözlərinin uğurla həyata vəsiqə aldığını göstərir. Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyev bu dövrdə Azərbaycanın qarşısında dayanan vacib məsələləri dövlətimizin milli maraq və mənafeləri çərçivəsində həll edib. Bu sırada hər birimizdə yüksək fəxarət hissi yaradan hadisələrindən biri Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsidir. Məlum olduğu kimi sülhməramlıların Qarabağda 5 il müddətinə qalması nəzərdə tutulmuşdu. Respublikamızın Vətən müharibəsindəki zəfərinə kölgə salmaq istəyənlər, ərazilərimizin işğaldan azad olunmasını həzm edə bilməyən antimilli qruplar iddia edirdilər ki, Rusiya öz hərbçilərini Azərbaycandan çıxarmayacaq. Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq sülhməramlılar vaxtından 1,5 il tez ölkəmizi tərk etdilər.

Cənab İlham Əliyevin ölkə başçısı kimi yeni səlahiyyət müddətinin ilk ilinin digər mühüm göstəricisi Qazax rayonunun işğal altındakı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasıdır. Bu, Vətən müharibəsindəki qələbəmizin məntiqi davamı olmaqla göstərdi ki, Müzəffər Ali Baş Komandan bir qarış torpağımızın belə düşmən tapdağında qalmasına imkan verməyəcək.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması da respublikamızın milli maraqlarının təmin edilməsi baxımından ötən bir ilin əsas hadisələrindən biridir.

Bu gün ölkəmizdə əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramı üzrə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsidir. Prezident İlham Əliyevin növbəti səlahiyyət müddətinin ilk ili bu vəzifənin yerinə yetirilməsi baxımından mühüm mərhələ kimi xarakterizə oluna bilər. Belə ki, bu dövrdə bir neçə şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi. Məskunlaşmanın həyata keçirildiyi yaşayış məntəqələrinin sayı 10-a çatdı, Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərin sayı 10 min nəfəri ötdü.

Prezident İlham Əliyevin yeni səlahiyyət müddətinin ilk ili Azərbaycanın qlobal nüfuzunun daha da yüksəlməsinə, beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənməsinə xidmət edən siyasi hadisələrlə də zəngindir. Bakıda keçirilən COP29 və Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi bu baxımdan respublikamızın mühüm siyasi uğurları oldu.

Dövlət başçılarının, siyasi liderlərin fəaliyyətinin qiymətləndirilməsinin əsas meyarlarından biri iqtisadi və sosial göstəricilərdir. Nəzər salsaq görərik ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin yalnız hər bir dövrü deyil, hər bir ili sosial-iqtisadi yüksəlişlə əlamətdardır. Növbədənkənar prezident seçkilərindən ötən bir illik zaman kəsiyi də bu baxımdan xüsusi qeyd edilməlidir. Bu dövrdə ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənaye sektorununun 7 faizdən çox artması, eləcə də minimum əməkhaqlarının və minimum pensiyaların artırılması Azərbaycanın iqtisadi və sosial inkişafının davamlı olmasından xəbər verir.

Prezident İlham Əliyevin yeni səlahiyyət müddətinin ilk ili əlamətdar hadisələrlə zəngindir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin yeni dövr üçün müəyyən etdiyi prioritetlər sürətlə reallaşır, respublikamız özünün bütün hədəflərinə uğurla çatır. Görünən odur ki, cənab İlham Əliyevin qətiyyətli və müdrik siyasəti sayəsində Azərbaycan qarşıdakı illərdə inkişafının daha uca zirvəsinə yuksələcək.

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti