Bakı.Trend:
1992-ci ildə Qarabağın Xocalı bölgəsində böyük qətliam yaşandı. Türkiyə səfirliyi olaraq abidəni ziyarət edib, Azərbaycan xalqına başsağlığımızı bildirdik.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
O qeyd edib ki, Xocalıda erməni silahlı gücləri tərəfindən Xocalıda məsum sivil insan qətl edildi.
“Şəhidlərimizin acılarını hələ də ürəyimizdə hiss edirik. Bu gün əsir və itkin düşən çox insanımız var. Xocalı qətliamı insanlıq adına qara ləkə olaraq yadda qalıb. Biz bu acıları Azərbaycan xalqıyla paylaşırıq”,- deyə o qeyd edib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.