Bakı. Trend:
Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış
strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və
bundan sonra da töhfə verməyimiz çox vacibdir.
Trend xəbər
verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)
Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları
komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin
müzakirəsində çıxışı zamanı deyib.
Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli
və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün
sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın
vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması
ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı
məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib.
"Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla
köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu
Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına
baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir.
Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən
tərəfdir.
“Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat
və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki,
beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş
şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək”.
Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə
bağlı hissəyə də diqqət çəkib.
“Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər
9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr
göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və
təhsillərini dayandırmalı olurlar.
Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə
əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna
hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət
ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb
olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da
ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün
qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir”.
Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin
təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib.
“Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində
“Genderə giriş” fənni tədris edilib və o davam edəcək. Əgər bu
fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə
bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali
təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu
fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində
keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail
olmalıyıq”, - deyə deputat əlavə edib.
Sevil Mikayılova: Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir
