Bakı. Trend:
Hər keçən gün daha da möhkəmlənən Azərbaycan-Türkiyə əlaqələri artıq Avrasiya miqyasında hadisələrin inkişaf axarına təsir edir, proseslərə yön verən əsas faktorlardan birinə çevrilir. Elə bunda irəli gəlir ki, ölkələrimizin mövqeyi dünya miqyasında getdikcə daha çox nəzərə alınır və bu tendensiyanın davamlı xarakter alacağı beynəlxalq aləmdə də qəbul olunur. Əldə edilən nailiyyətlərin miqyasının davamlı xarakter alması, müxtəlif sahələri əhatə etməsi istiqamətində isə hər iki ölkə tərəfindən müvafiq fəaliyyət həyata keçirilir. Xüsusən də Azərbaycan və Türkiyə prezidentlərinin əlaqələri, təmasları ölkələrin milli maraqlarının təmini, proseslərə yanaşmada ortaq mövqe sərgilənməsi kontekstində önəmli əhəmiyyətə malikdir.
Azərbaycan və Türkiyə arasında davamlı şəkildə güclənən qardaşlıq bağları, strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran çoxsaylı problemlərin uğurla həllinə imkan verib və bundan sonra da verəcək. Bu işbirliyinin mühüm nəticələrindən biri də Ermənistanın üzündən illərdir blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha təhlükəsiz səviyyəyə çatdırılmasıdır. Söhbət Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətlərinin nəticəsi olaraq İğdır-Naxçıvan qaz kəmərinin ərsəyə gəlməsindən gedir. Türk coğrafiyası üçün mühüm əhəmiyyət kəsb edən Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından İğdır-Naxçıvan qaz kəməri böyük önəm kəsb edir. Naxçıvanın təbii qaza tələbatının tam ödənilməsində, Muxtar Respublikanın bir mənbədən asılılığının aradan qaldırılmasında bu kəmər mühüm rol oynayacaq.
Xatırlatmaq lazım gəlir ki, İğdır-Naxçıvan qaz boru xəttinin inşasına dair qərar hələ 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış Anlaşma Memorandumu ilə verilib. 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz boru xəttinin təməli qoyulub. O vaxtdan bəri həyata keçirilən intensiv işlər nəticəsində kəmərin çəkilişi ən yüksək səviyyədə baş tutub. Boru kəməri gündə 2 milyon kubmetr, ildə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Müəyyən modifikasiyalarla kəmərin ötürcülük gücü gündə 5 milyon kubmetrə, ildə 1,8 milyard kubmetrə kimi artırıla bilər. Amma kəmərin indiki buraxılış gücü də Naxçıvanın qaza olan illik tələbatını tam şəkildə ödəməyə imkan verir. Nəzərə alınmalıdır ki, muxtar respublikanın illik təbii qaz tələbatı təxminən 500 milyon kubmetr təşkil edir.
İğdır-Naxçıvan boru xəttinin istifadəyə verilməsi ilə Azərbaycan artıq Naxçıvanı ölkəmizdə hasil edilən, Türkiyə üzərindən nəql olunan qazla təmin etməyə başlayıb. Buna qədər isə svop ötürmələri əsasında Naxçıvana qaz İrandan idxal edilirdi. Perspektivdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda buradan da Azərbaycanın əsas hissəsindən Naxçıvana qaz xəttinin çəkilişi istisna edilmir. Bundan öncə, Azərbaycan Zəngəzur dəhlizinin Azərbaycan və Avropa arasında həm nəqliyyat, həm də enerji dəhlizi kimi istifadə oluna biləcəyi təklifini irəli sürüb. Zəngəzur dəhlizindən keçəcək boru xətti Azərbaycan və ya digər Xəzər hövzəsi ölkələrinin qazının Türkiyəyə və Avropaya tranziti üçün yeni marşrut ərsəyə gətirilməsi demək olacaq. Bundan yararlana biləcək tərəflərdən biri isə Ermənistandır. Belə vəziyyətdə Ermənistan Rusiya və İranla yanaşı, digər mənbədə də “mavi yanacaq” idxal etmək imkanı qazana, təminat mənbələrini şaxələndirə bilər.
Daha bir vacib məsələ Azərbaycan və Türkiyənin enerji sferasında digər istiqamətlər üzrə də işbirliyinin dərinləşməsi, Naxçıvanın burada mərkəzi rollardan birini oynayacağıdır. Belə ki, Türkiyənin elektrik enerjisinə olan tələbatının ödənilməsində perspektivdə Naxçıvan böyük əhəmiyyət kəsb edəcək. Hələ 2023-cü ildə İğdır-Naxçıvan qaz boru xəttinin təməli qoyularkən bununla bağlı Prezident İlham Əliyev qeyd edib: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar reallaşarsa, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.
Ötən dövr ərzində Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi istiqamətində Azərbaycan genişmiqyaslı fəaliyyət həyata keçirib və bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Bu da o deməkdir ki, yaxın perspektivdə Naxçıvandan Türkiyəyə yaşıl enerji ixracı reallaşacaq. Bununla yanaşı, ölkələrimizin əlaqələrinin daha möhkəm özüllər üzərində qurulmasına Qars-Naxçıvan dəmir yolu da böyük töhfələr verəcək. Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, bundan irəli gələn işlər təkcə iki ölkə yox, bütünlükdə türk dünyası və Avrasiya üçün zəruri önəmə malikdir. Sözügedən dəmir yolu işə düşdükdən sonra Orta Dəhliz marşrutunun əsas qollarından birinə çevriləcək. Ümumiyyətlə, Qars-Naxçıvan dəmir yolu Naxçıvanı bölgənin mühüm tranzit mərkəzlərindən birinə çevirəcək. Çünki o, Naxçıvanı təkcə Türkiyə ilə yox, həm də Çin, Avropa dövlətləri, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Naxçıvan üzərindən yükdaşımalar, Muxtar Respublikanın ixrac etdiyi məhsulların çeşid və həcmi əhəmiyyətli dərəcədə artacaq.
Daha bir önəmli məqam odurki, Azərbaycan və Türkiyə arasında güclənən bağlar təkcə iki ölkənin yox, həm də bütün türk dünyasının mənafeyinə xidmət edir. Türk dünyasının coğrafi cəhətdən birləşməsi, eyni zamanda iqtisadi sahədə münasibətlərinin daha da dərinləşməsi üçün Zəngəzur dəhlizinin açılması da böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir. Ermənistan və himayədarlarının bütün müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq. Ermənistanda nəzərə alınır ki, Azərbaycan və Türkiyə qarşılarına qoyduqları məqsədlərə mütləq çatırlar, eyni zamanda daha qüdrətli ölkələrə çevrilirlər. Belə ölkələrə Ermənistanın müqavimət gücü yoxdur və onlarla əməkdaşlıq erməni tərəfinə çoxsaylı dividendlər vəd edir. Bu səbəbdən Ermənistan, onun havadarları Azərbaycan-Türkiyə tandemi ilə hesablaşmağa, ölkələrimzin mövqeyini nəzərə almağa məcburdurlar. Bunu şərtləndirən səbəblərdən biri odur ki, Azərbaycan və Türkiyə regionda sabitliyin, inkişafın və təhlükəsizliyin təminatçısı olmaqla yanaşı, həm də burada gələcək təhdidlərin yaranmasının qarşısını alacaq əsas güc mərkəzləridir.
MTM Analitik Qrup