Bakı. Trend:
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən ATƏT-in Minsk qrupunun ətrafında yaranmış vəziyyətin "dəyişdiyini" bəyan etdi. Bu açıqlama geniş rezonans doğurdu, çünki hələ yaxın vaxtlara qədər Moskva bu formatın tamamilə aktuallığını itirdiyini israrla vurğulayırdı.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mandatı verilmiş ATƏT-in Minsk qrupu de-fakto fəaliyyət göstərmir", – S.Kopırkin bəyan etdi. O, Qərb həmsədrlərinin rusiyalı həmsədr ilə işləməkdən imtina edərək onu fakt qarşısında qoyduğunu xatırlatdı.
"İndi vəziyyət, əlbəttə, dəyişib. Minsk qrupunun hansı formatda işləyə biləcəyini təsəvvür etmək çətindir. Çünki bir həmsədr açıq şəkildə rusofob mövqe tutur, digəri isə Rusiya ilə bağlı mövqeyini yenidən dəyərləndirir. Üstəlik, Minsk qrupunun fəaliyyət göstərməsi üçün bütün tərəflərin razılığı olmalıdır. Birbaşa prosesə cəlb olunan ölkələr bununla bağlı razılığa gəlməlidir", – deyə Rusiya diplomatı bildirib.
O, eyni zamanda vurğuladı ki, regionun məsələləri məhz region ölkələr tərəfindən həll olunmalı, kənar qüvvələrin müdaxiləsi olmamalıdır. Bu, Cənubi Qafqazda gedən proseslərin təhrif olunmasının qarşısını almaq üçün vacibdir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ ətrafında baş verən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmışdı. 30 il ərzində o, heç bir real nəticəyə nail olmadı və münaqişənin həlli üçün effektiv mexanizm təklif edə bilmədi. 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdə, bu formatın zəruriliyi tamamilə aradan qalxdı.
2022-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, məhz ABŞ və Fransa Moskva ilə əməkdaşlıqdan imtina edərək Minsk qrupunu faktiki olaraq "dəfn etdilər": "Vaşinqton və Paris əsassız bəhanələrlə Moskva ilə əməkdaşlıqdan imtina etdilər. Onlar əslində Minsk qrupunu məhv etdilər".
2023-cü ilin yazında Rusiya diplomatiyası bu formatın tamamilə aktuallığını itirdiyini təsdiqlədi, 2024-cü ilin dekabrında isə Zaxarova bir daha vurğuladı ki, "Minsk qrupunun mandatı tükənib".
Bu bəyanatların fonunda Moskva açıq şəkildə Bakı və İrəvandan ATƏT-ə müraciət edərək Minsk qrupunun buraxılmasını tələb etmələrini istədi. Azərbaycan uzun müddətdir prinsipial mövqe nümayiş etdirərək bu formatın müasir geosiyasi reallıqlara heç bir aidiyyəti olmadığını bildirirdi. İrəvan isə əvvəlcə bu addımdan çəkinirdi, lakin zaman keçdikcə Azərbaycanın mövqeyinin əsaslı olduğunu etiraf etməyə başladı.
Rusiyalı səfirin gözlənilməz bəyanatı müəyyən mənada maraqlıdır, çünki əgər Moskva uzun müddətdir Minsk qrupunun "öldüyünü" bəyan edirdisə, indi niyə onun müzakirə obyekti olması ehtimalı ortaya çıxır?
Görünür, Moskva bu minvalla Ermənistana və ABŞ-yə təzyiq etmək niyyətindədir. Rusiya Minsk qrupu mövzusundan Ermənistan üzərində təzyiq vasitəsi kimi istifadə edə bilər. Çünki İrəvan getdikcə daha çox Qərbə doğru istiqamətlənir. Bundan əlavə, bu bəyanat Vaşinqtona bir mesaj kimi də dəyərləndirilə bilər: Moskva yalnız öz şərtləri əsasında regional məsələləri müzakirə etməyə hazır olduğu barədə messic verir.
ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda getdikcə möhkəmlənir və yeni danışıqlar formatları təklif edir. Belə vəziyyətdə Moskva təşəbbüsü öz əlinə almaq və bu regionda hələ də təsir imkanlarına malik olduğunu xatırlatmaq istəyir.
O da mümkündür ki, Kopırkinin bəyanatı Moskva ilə Vaşinqton arasında yeni beynəlxalq şəraitdə kəsişmə nöqtələri tapmaq cəhdi kimi dəyərləndirilə bilər. Fəqət ABŞ-nin Minsk qrupunun bərpasına razılıq verəcəyi ehtimalı olduqca azdır, çünki onlar bu formatdan imtina edən tərəf idi.
Ermənistanın özündə isə ATƏT-in artıq tarixə qovuşan Minsk qrupu məsələsi ilə bağlı ciddi daxili fikir ayrılığı yaratmağa davam edir. Sözügedən məsələ ölkənin müxtəlif siyasi qüvvələri arasında dərin parçalanmanın göstəricisinə çevrilib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi rəsmi İrəvan getdikcə daha çox Azərbaycanın mövqeyi ilə razılaşır və bu formatın artıq öz rolunu itirdiyini qəbul edir. Amma Rusiya yönlü və müxalif qüvvələr, xüsusilə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Minsk qrupunun formal buraxılmasına kəskin şəkildə qarşı çıxır.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində məğlub olduqdan sonra Nikol Paşinyanın hökuməti xarici siyasət və diplomatik prioritetlərini yenidən nəzərdən keçirmək zərurəti ilə üzləşdi. Ermənistan, Rusiyaya olan ənənəvi bağlılığına baxmayaraq, Qərblə fəal şəkildə yaxınlaşmağa başladı və Azərbaycanın ərazi bütövlüyünü tanımağa doğru məcburi addımlar atdı.
Müxtəlif beynəlxalq platformalarda Ermənistanın rəsmi nümayəndələri açıq şəkildə bəyan etdilər ki, ATƏT-in Minsk qrupu əvvəlki aktuallığını itirib. Üstəlik, Ermənistan rəsmiləri Qərb tərəfdaşları ilə görüşlərdə Minsk qrupunu xatırlamaqdan çəkinir, bu isə faktiki olaraq bu mexanizmin artıq işləklik qabiliyyətinə malik olmadığını etiraf etmək deməkdir.
Paşinyanın Minsk qrupunu dəstəkləməsi əslində ermənilərin özləri üçün risklər yaradır. Belə ki, kollektiv Qərb bu formata maraq göstərmir. Ermənistan ABŞ və Avropa İttifaqının dəstəyini qazanmağa çalışır, halbuki Vaşinqton və Brüssel Minsk qrupundan imtina edib. Bu formatın dəstəklənməsi Ermənistan-Qərb münasibətlərini çətinləşdirə bilər. Ermənilər onu da unutmasınlar ki, rəsmi İrəvanın ümidlərinə baxmayaraq, Minsk qrupu 2020-ci il müharibəsinin qarşısını almaq üçün heç bir real addım atmadı. Bu, hətta Ermənistan hakimiyyəti daxilində də bu mexanizmə olan etimadı sarsıtdı.
Hazırda Ermənistan və Azərbaycan arasında əsas danışıqlar platforması birbaşa təmaslar, eləcə də Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyidir. Moskva da bu prosesdə rolunu qorumağa çalışır, lakin Minsk qrupu artıq bu danışıqlara daxil edilmir.
Rəsmi İrəvandan fərqli olaraq, Ermənistanın Rusiya yönlü qüvvələri Minsk qrupunun təzyiq vasitəsi kimi qorunub saxlanmasını israrla tələb edirlər. Bu mövqenin əsas təbliğatçılarından biri keçmiş prezident Robert Köçəryandır. O, Kremlin yaxın müttəfiqi kimi tanınır və Qarabağ məsələsində sərt mövqeyi ilə seçilir.
Robert Köçəryan bu yaxınlarda bəyan etmişdi: "Minsk qrupunun buraxılması danışıqlar prosesinə düzəlməz ziyan vuracaq. Bu format hər nə bahasına olursa-olsun qorunmalıdır".
Beləcə, Köçəryan, Minsk qrupundan uzun illər diplomatik vasitə kimi istifadə edərək danışıqları uzatmağa və status-kvonu qorumağa çalışan köhnə erməni elitasının nümayəndəsidir. Ermənistandakı Rusiya yönlü qüvvələr Moskvanın maraqları çərçivəsində hərəkət edirlər və Minsk qrupunu Cənubi Qafqazda potensial təsir vasitəsi kimi saxlanmasını istəyirlər. Eyni zamanda, Bakı və İrəvan arasında gedən danışıqlara təsir cəhdi də aşkardır. Minsk qrupunun ləğvi Ermənistanın keçmiş hakimiyyətinin 30 il ərzində yürütdüyü siyasətin tam iflasa uğradığını rəsmən etiraf etmək demək olardı. Köçəryan və onun ətrafı üçün bu, siyasi baxımdan qəbuledilməzdir.
Paşinyanın komandasının mövqeyi ilə müxalifətin yanaşması arasındakı ziddiyyətlər Ermənistanın ümumi daxili siyasi böhranını əks etdirir. Hakimiyyət yeni geosiyasi reallıqlara uyğunlaşmağa çalışırsa, Rusiya yönlü müxalifət Ermənistanı Kremlin orbitində saxlamaq üçün köhnə siyasi mexanizmlərdən istifadə etməyə çalışır.
Reallıqsa ondan ibarətdir ki, Minsk qrupu çoxdan öz aktuallığını itirib. Ermənistan bunu qəbul etməyə məcburdur, hətta ölkə daxilindəki müəyyən siyasi dairələr bu labüdlüyə müqavimət göstərməyə çalışsalar belə.
Azərbaycanın Minsk qrupu ilə bağlı mövqeyi birmənalı və prinsipialdır: bu qurum tamamilə və rəsmi şəkildə ləğv edilməlidir. Minsk qrupunu danışıqlar prosesinə qaytarmaq cəhdləri Azərbaycan üçün ölkənin daxili işlərinə müdaxilə və tam iflasa uğramış beynəlxalq mexanizmin süni şəkildə dirçəldilməsi kimi qiymətləndirilir.
Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılmasını tələb etməsinin bir neçə əsas səbəbi var.
ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdı, lakin üç onillik ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir real irəliləyiş əldə edə bilmədi. Bu qurumun əsas məqsədi münaqişənin dinc yolla tənzimlənməsinə kömək etmək idi, lakin nəticədə danışıqlar sadəcə uzadıldı, Ermənistan isə bu diplomatik qeyri-müəyyənlikdən istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənməyə nail oldu.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad edərək BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini yerinə yetirdi. Minsk qrupu isə bu qətnamələrin icrasına nail olmaq üçün heç bir real addım atmamışdı. Bu uğurlu hərbi və diplomatik prosesdən sonra Bakı artıq vasitəçilərin köhnəlmiş formatına ehtiyac duymadı, çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi birdəfəlik həll olundu.
Moskva özü Minsk qrupunun mənasız olduğunu qəbul edib. Son illərdə məhz Rusiya Minsk qrupunun aktuallığını itirdiyini açıq şəkildə bəyan edirdi. 2022-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Fransanın Minsk qrupu çərçivəsində əməkdaşlıqdan imtina etdiyini vurğuladı və bunun nəticəsində bu qurumun faktiki olaraq mövcudluğunu dayandırdığını bildirdi. Bu isə o deməkdir ki, hətta Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya da onun fəaliyyətinin mənasızlığını qəbul edib.
Və ən nəhayət, Qərbin təsirini qorumaq cəhdi açıq görünür. Azərbaycan Minsk qrupunun yenidən gündəmə gətirilməsini Qərbin öz tənzimləmə mexanizmlərini diqtə etməyə çalışması kimi qiymətləndirir. Bakı belə hesab edir ki, ATƏT və digər beynəlxalq qurumlar vasitəsilə keçmiş münaqişə ilə bağlı yeni formatlar yaratmaq cəhdi manipulyasiya xarakteri daşıyır və real vəziyyəti əks etdirmir. Azərbaycan açıq şəkildə bildirir ki, beynəlxalq danışıqlar köhnəlmiş və heç bir nəticə verməyən mexanizmlər əsasında deyil, tamamilə yeni reallıqlar əsasında aparılmalıdır.
Rusiya isə Minsk qrupundan İrəvana təzyiq vasitəsi kimi istifadə etmək variantını arxivə yollamayıb. 2020-ci ildə məğlub olduqdan sonra Ermənistan Qərblə fəal şəkildə yaxınlaşmağa başladı. Moskva isə bu prosesə qarşı çıxaraq öz təsirini qorumaq istəyir. Minsk qrupunun müzakirəyə qaytarılması ilə bağlı verilən siqnal İrəvana mesaj ola bilər: Rusiya "köhnə formatı" nəzərdən keçirə bilər, lakin bunun üçün Ermənistanın Moskvanın maraqlarına sadiq qalması lazımdır.
ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda fəallığını artırır, müxtəlif yeni danışıqlar formatları irəli sürür. Moskva isə bölgədə təsirini itirmək istəmir və Minsk qrupunu gündəmə gətirməklə Qərbə qarşı diplomatik manevr etməyə çalışır.
Moskva Azərbaycanı 2020-ci ildəki qələbəsini tanısa da, bəzi analitiklər hesab edirlər ki, Minsk qrupunun "canlandırılması" məsələsi Bakıya təzyiq vasitəsi kimi istifadə edilə bilər. Xüsusilə də Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə cəlb etmək və Moskvanın regional təsirini gücləndirmək məqsədilə.
Azərbaycanın prinsipial mövqeyi və Rusiyanın dəfələrlə Minsk qrupunun aktuallığını itirdiyini bəyan etməsi fonunda bu formatın yenidən aktivləşdirilməsi ehtimalı son dərəcə aşağıdır. Bakı təkcə Minsk qrupunun formal şəkildə buraxılmasını tələb etmir, eyni zamanda bütün beynəlxalq danışıqların artıq köhnəlmiş və nəticə verməyən mexanizmlərsiz, yeni reallıqlara uyğun aparılmalı olduğunu vurğulayır.
Bu səbəbdən də Rusiyanın Ermənistandakı səfirinin bəyanatı daha çox diplomatik oyun kimi görünür. Minsk qrupu siyasi baxımdan "ölü"dür və müəyyən siyasi dairələrin onu yenidən gündəmə gətirmək cəhdlərinə baxmayaraq, bu formatın bərpası faktiki olaraq mümkünsüzdür.