...

Ermənistanın militarizasiyası, Aİ-də daimi hərbi attaşe postunun yaradılması Azərbaycana qarşı yönəlmiş siyasətin elementləridir – ŞƏRH

Siyasət Materials 8 Mart 2025 15:15 (UTC +04:00)
Ermənistanın militarizasiyası, Aİ-də daimi hərbi attaşe postunun yaradılması Azərbaycana qarşı yönəlmiş siyasətin elementləridir – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hakimiyyəti son addımları ilə Qərbin əlində alət olduğunu bir daha təsdiqləyir. Hazırda Avropa İttifaqı bu ölkə üzərindən Cənubi Qafqaz regionunda öz planlarını reallaşdırmağa çalışır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, Avropa İttifaqı Ermənistana Avropa Sülh Fondundan daha 10 milyon avro ayırmağı nəzərdə tutur. Artıq Aİ-nin ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim edib:

“Bu vəsaitin Ermənistanın “müdafiəsini gücləndirilməsi” üçün istifadə olunacağı bildirilir. Məlumdur ki, Ermənistan son illərədək Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hökuməti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Ermənistan hakimiyyəti Qərbin diqtəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir. Ermənistanın hazırkı addımları bütün region dövlətlərinin maraqlarına ziddir. Belə bir şəraitdə Aİ-nin Ermənistana növbəti hərbi yardım ayırması qəbulolunmazdır".

S.Fətəliyevanın sözlərinə görə, Ermənistanın bu kimi addımları sülh prosesinə də zərbə vurur:

“Aİ və xüsusən Fransa 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın nüfuzunun əsaslı artmasından çox narahatdır. Ermənistanın silahlandırılması da buradan qaynaqlanır. Halbuki, beynəlxalq təcrübə göstərir ki, işğalçı ölkə hərbsizləşdirilməlidir. İkinci Dünya Müharibəsindən sonra işğalçı Almaniya və Yaponiyanın tərksilah edilməsi buna nümunədir. Ermənistan da 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycan öz gücünə Ermənistanı məğlub edərək torpaqlarını azad etdi. Lakin Aİ hazırkı addımı ilə işğalçı ölkə olmuş Ermənistanı gücləndirməyə çalışır. Digər tərəfdən, Qafqaz regionunda Gürcüstanda və Azərbaycanda mövqelərini itirmiş Aİ bunu Ermənistanla kompensasiya etməyə cəhd göstərir”.

Parlamentari qeyd edib ki, Ermənistanın Aİ tərəfindən silahlandırılması sülh gündəliyinə xidmət etmir və alınan bütün yeni silahların şərti sərhəddə yaxın bölgədə yerləşdirilməsi legitim hədəf olmasına gətirib çıxaracaq.

“Bundan əlavə, Ermənistan özünün Aİ nümayəndəliyində daimi hərbi attaşe vəzifəsini yaradıb. Bu isə onu göstərir ki, Ermənistanın Aİ ilə hərbi sahədə əməkdaşlığı yeni sistematik mərhələyə çıxıb. Ermənistanın militarizasiyası, Brüsseldə daimi hərbi attaşe postunun yaradılması və Aİ müşahidə missiyasının fəaliyyətinin uzadılması Azərbaycana qarşı yönəlmiş siyasətin ayrı-ayrı elementləridir. Bütün bunlar regionumuzda sülhü və sabitliyi təhdid edir. Ona görə də həm Aİ, həm də Ermənistan bu təhlükəli planlardan çəkinməlidir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Zaur Şükürov isə Trend-ə açıqlamasında bildirib ki, əsasən xarci auditoriyaya özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışan Ermənistan əslində hərbi potensialını artırmaq üçün hər vəchlə bütün imkanlardan yararlanmağa çalışır:

“Fransa kimi ölkələr son illər sərgilədiyi qərəzli addımları ilə regionumuzda təhlükəsizliyin təmin olunmasına öz maraqları naminə mane olmaqda davam edirlər. Azərbaycanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu kimi dövlətlərin, həmçinin Avropa İttifaqı, Avropa Şurası və digər təşkilatların həqiqi niyyətlərini üzə çıxardı. Erməni cinayətlərinə davamlı olaraq göz yuman bu qüvvələr, Ermənistanı təxribatçı əməllərdən çəkindirmək əvəzinə, bu ölkədəki revanşistlərin baş qaldırmasına rəvac verirlər.

Avropa Sülh Fondunun sülhü müdafiə etmək əvəzinə Ermənistana vəsait ayrılması barədə qərar qəbul etməsi, Ermənistanın Avropa İttifaqı yanında diplomatik missiyasında hərbi attaşe təyin edilməsini qərarlaşdırması Aİ ilə Ermənistan arasında hərbi əməkdaşlığın gələcəkdə genişləndiriləcəyi ehtimalını artırır ki, bu da öz növbəsində narahatçılıq üçün əsas verir”.

Millət vəkili əlavə edib ki, Ermənistan regionda sülhün və sabitləyin təmin edilməsi üçün öz riyakar əməllərindən əl çəkməlidir.

“Bu kimi qüvvələr nəhayət anlamalıdırlar ki, öz tarixi torpaqlarını Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində azad edərək erməni separatizminə, terrorçuluğa son qoyan Azərbaycan istənilən təhdidlərə qarşı hər zaman layiqli cavab verməyə hazırdır. Ermənistan regionda sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanla həqiqi və dayanıqlı sülh sazişinin imzalanması üçün konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddilarını aradan qaldırmalıdır. Əks halda, bu dövlət yenə də təcrid olunmuş halda qalaraq, digər qüvvələrin maraqlarına xidmət edən bir vasitə rolunu oynayacaq və hətta öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşəcək”, - Z.Şükürov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti