...

ICMP-nin hazırladığı hesabat Azərbaycan XİN-ə təqdim edilib

Siyasət Materials 10 Mart 2025 10:32 (UTC +04:00)
ICMP-nin hazırladığı hesabat Azərbaycan XİN-ə təqdim edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici İşlər Nazirliyindən 2018-ci ilin may ayında Dövlət Komissiyasına daxil olmuş məktubda Azərbaycanın Niderlanddakı səfirliyinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) Siyasət və Əməkdaşlıq üzrə Direktoru ilə 17 may 2018-ci il tarixdə keçirilmiş görüşündə bu qurum ilə əməkdaşlıq imkanlarının müzakirə olunması barədə məlumat verilmiş və bu əməkdaşlığın təşkilata üzvlük və ya ikitərəfli saziş əsasında həyata keçirilməsi ilə bağlı rəy bildirilməsi xahiş edilmişdir.

Trend xəbər verir ki, bunu bu gün Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın katibi Qəzənfər Əhmədov “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, məsələ ilə bağlı Dövlət Komissiyası tərəfindən bu sahədə digər imkanların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından faydalı olacağı nəzərə alınaraq, XİN nümayəndəsinin iştirakı ilə ICMP ilə müzakirələrin aparılması məqsədəuyğun hesab edilib.

“2021-ci ildə Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevin təşəbbüsü ilə İCMP ilə yenidən müzakirələr aparılmışdır. 2021-ci ilin noyabrında ölkəmizin Niderland Krallığındakı səfiri ilə Haaqa şəhərində keçirilmiş görüş zamanı ICMP Azərbaycanla əməkdaşlıq etməyi və bununla bağlı müvafiq sənədin imzalanmasını təklif edib.

Məsələ ilə əlaqədar olaraq, 2022-ci ilin əvvəlindən etibarən PA-nın, XİN-in, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşlarının iştirakı ilə ICMP-nin rəhbərliyi ilə bir neçə dəfə onlayn görüş keçirilmiş və müzakirələr aparılıb.

2022-ci ilin aprel ayının 4-də İCMP-nin Baş direktoru Katrin Bomberger və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı Dövlət Komissiyası və İCMP arasında Protokol imzalanıb", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin 5-16 iyun tarixlərində ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər etmiş, səfər çərçivəsində Siyasət və Əməkdaşlıq üzrə direktor Andreas Kleyzer və qurumun proqram meneceri Karmen Osorno Solis Dövlət Komissiyasında və bir sıra aidiyyəti dövlət qurumlarında qəbul olunublar.

"Səfər zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məqsədilə ICMP tərəfindən ölkəmizdə Qiymətləndirmə missiyası həyata keçirilmiş, missiyanın nəticəsi olaraq ICMP tərəfindən hazırlanmış hesabat XİN-ə göndərilmiş, aidiyyəti dövlət qurumları tərəfindən hesabatla bağlı rəy və təkliflər hazırlayaraq XİN-ə təqdim edilmişdir”, - deyə Qəzənfər Əhmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti