Bakı. Trend:
Bakıda “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransı keçirilib.
Trend xəbər verir ki, tədbir Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutub.
Konfransda həmçinin, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mənəvi irsimiz” (III cild) kitabının da təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, QHT nümayəndələri, alimlər və digər ictimai şəxslər iştirak ediblər.
İlk öncə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxış edərək bildirib ki, Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətimizə məxsusdur. Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aid ola bilməz- Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir.
"Qarabağ hadisələri İrəvandan başlandığı üçün orada da bitəcək. Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onu diplomatik təzyiq vasitəsi qəbul etmək yanlışdır.
Son iki ildə Qərbi Azərbaycana qayıdış üzrə görülən işlərin miqyasını qiymətləndirmək bir konfransın işi deyil. Aparılan siyasət bəlli səbəblərdən bütün miqyası ilə cəmiyyətə və dünyaya çıxarılmasa da, dəqiq strateji hədəflərinə, vəzifə bölgüsünə və yüksək təşkilati, informativ və ideoloji sistemliliyinə, nəhayət, hesabatlılığına görə yüksək səviyyədədir və hər keçən gün daha da vüsət alır", - deputat qeyd edib.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışında qeyd edib ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan torpaqlarına köçürülüb gətirilən ermənilərin bu ərazilərdəki həmin tarixə qədərki hər hansı mədəni irs nümunəsinə bu və ya digər şəkildə iddiasının heç bir əsası yoxdur.
Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın 1987-1991-ci illərdəki sonuncu deportasiyası həmin çirkin siyasəti son 200 ildə addım-addım həyata keçirən ermənilər və Ermənistan hakimiyyəti üçün növbəti fürsət olub. Çar Rusiyasının Cənubi Qafqazı işğalı ilə başlayan bu proses XXI əsrdə dağıdıcı sonluğa yaxınlaşırdı ki, qüdrətli Azərbaycan Respublikası bu bədnam prosesin qarşısını aldı və bölgədə söz sahibinə çevrildi”.
İndi Azərbaycan təkcə işğal edilmiş torpaqlara Böyük Qayıdışı təmin etmir, eyni zamanda sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızın pozulan hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görür", - o vurğulayıb.
Bundan başqa, Milli Məclisin deputatı Rizvan Nəbiyev bu gün “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışında vurğulayıb ki, bir yerin, məkanın bir xalqa məxsusluğunu sübut etmək üçün bir neçə arqument var. Bunlardan biri həmin əhalinin o torpağa bağlılığını sübut edən maddi, mənəvi, folklor, ədəbiyyatla bağlı arqumentlərdir.
"Torpaqlarımız işğal altında olan zaman Qarabağın, Şuşanın tarixi ilə bağlı bir tədbir keçirilib. Tədbirdə Azərbaycan və Ermənistan tərəfinin alimlərinin arqumentlərinin mübahisəsi aparılıb.
Orada tanınmış alman alimi bildirdi ki, XIX əsrin sonunda Şuşa və onun ətrafında 95 azərbaycanlı şair və yazıçı, 22 müğənni, 38 musiqişünas, 11 xəttat yaşayırdı. Bununla da həmin diskussiyaya son qoyuldu", - o qeyd edib.
Milli Məclisin deputatı Tahir Mirkişi “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxış edərək əlavə edib ki, Azərbaycan hazırda Cənubi Qafqazın 70 faiz iqtisadiyyatına sahib ölkədir. Dünyada heç vaxt iqtisadi güc ərazi sərhədləri ilə üst-üstə düşməyib.
"Azərbaycanlıların Ermənistandan deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarına vurulan ən böyük zərbədir.
Cümhuriyyət dövründən sonra İrəvan mərkəzli Ermənistan dövlətinin yaradılması Azərbaycan iqtisadiyyatının Qara Dənizə çıxşını blokladı. Zəngəzurun Ermənistana verilməsi Azərbaycan iqtisadiyyatının Aralıq dənizinə çıxışını blokladı. Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarını bloklamaqla yanaşı, Azərbaycan iqtisadiyyatını tarixdə görünməmiş şəkildə blokadaya saldı.
Biz bu gün Xəzər dənizindən başqa Azərbaycan ərazisindən istənilən istiqamətə getmək üçün kimdənsə icazə almalıyıq. Məhz bu tarixi və iqtisadi ədalətsizliyin tam pozulması deməkdir. Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtması ilə həm də iqtisadi ədalətin bərpa olunacaq”, - deyə deputat çıxışını yekunlaşdırıb.