...

Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var - Azər Qarayev

Siyasət Materials 12 Mart 2025 20:41 (UTC +04:00)
Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyun ayında qurulub. Bu müddət ərzində ölkələr arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf edib və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühiti formalaşıb. Şimali Makedoniya Respublikası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Şimali Makedoniya Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən Avropa ölkələrindən biri olub. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərir. Azərbaycan və Şimali Makedoniya Birləşmiş Millətlər Təşkilatı (BMT) və ATƏT kimi təşkilatlarda səmərəli əməkdaşlıq edirlər", - o bildirib.

Onun sözlərinə görə, son illər ikitərəfli siyasi dialoq yeni mərhələyə qədəm qoyub.

"Rəsmi səfərlər və siyasi məsləhətləşmələr bu istiqamətdə fəaliyyətin aktivləşdiyini göstərir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın yaxın günlərdə başlayan və davam edən Azərbaycana rəsmi səfəri də bunun bir sübutudur. Prezident İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatla çıxışı zamanı vurğuladığı kimi, Azərbaycan və Şimali Makedoniya ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparır:

"Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır". Qordana Silyanovska-Davkova da, öz növbəsində, qarşıdakı illərdə ölkələrin daha güclü əməkdaşlığa nail ola biləcəyinə ümid etdiyini qeyd etdi. Bunlar da onu sübut edir ki, hər iki ölkənin rəhbərliyi əməkdaşlığın genişləndirilməsində son dərəcə maraqlıdır və bunun üçün geniş imkanlar var", - o bildirib.

Politoloq qeyd edib ki, iqtisadi sahədə əlaqələrin inkişafı üçün də kəşf edilməli olan potensial mövcuddur.

"Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələr hələ tam potensialına çatmayıb, amma inkişaf üçün mühüm imkanlar mövcuddur. İki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Azərbaycan şirkətləri üçün Şimali Makedoniya bazarında maraqlı istiqamətlər, investisiya imkanları mövcuddur, Şimali Makedoniya biznesi üçün də Azərbaycanda eyni imkanlar var. Ötn ilin sonunda iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb və Azərbaycan Şimali Makedoniyaya qaz tədarükünü həyata keçirib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək. Hətta gələcəkdə qaz tədarükünün həcminin artırılması da gündəmdədir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır:

"Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan təbii qazı Avropaya nəql edilir, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə töhfə verir. Azərbaycanın qaz ixracı İtaliya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin enerji təchizatını sabitləşdirir. Bundan sonra Azərbaycan qazının daxil olduğu ölkələr sırasında artıq Şimali Makedoniyanın da adı var. Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəsi, təbii ki, digər ölkələrin də bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməsinə təkan verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur", - politoloq bildirib.

A.Qarayev bildirib ki, Azərbaycanın iştirakı ilə regionda reallaşdırılan nəqliyyat layihələri, o cümlədən, Orta Dəhliz, Bakı-Tbilisi Qars dəmiryolu Şimali Makedoniya üçün də yeni imkanlar yaradır.

"Şimali Makedoniya Avropa ilə Asiya arasında yerləşən nəqliyyat qovşaqlarına inteqrasiya olmaqda maraqlıdır. Bakı isə bu baxımdan strateji tərəfdaş kimi çıxış edə bilər. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Şimali Makedoniya üçün Cənubi Qafqaz regionu və Orta Asiyaya çıxışı asanlaşdırır. Bu, iki ölkənin logistik əlaqələrinin möhkəmlənməsinə və ticarət həcminin artmasına imkan verəcək", - o bildirib.

Politoloq qeyd edib ki, energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edəcək.

"Azərbaycan və Şimali Makedoniya Respublikası arasında mövcud olan münasibətlər dostluq və strateji əməkdaşlıq mühitində inkişaf edir. Avropanın enerji təhlükəsizliyi və regionda sabitliyin təmin olunması kontekstində Bakı-Skopye xətti xüsusi əhəmiyyət kəsb edir. Enerji, ticarət, nəqliyyat və digər sahələrdə həyata keçiriləcək layihələr iki ölkənin qarşılıqlı maraqlarını təmin etməklə yanaşı, bütövlükdə regionda davamlı inkişafa töhfə verəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti