Bakı. Trend:
Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olan dostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlı əməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktur sahələrində özünü göstərir.
Trend xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti deyib: “Mən bu dostluq münasibətlərini xalqlarımızın rifahı naminə davam etdirməyə və möhkəmləndirməyə sadiqəm. Bu, gələcəyimizi vətəndaşlarımızla, qonşularımızla, coğrafi ərazi baxımından yaxınlıqdan asılı olmayaraq tərəfdaşlarımızla birlikdə qurmağa imkan verəcək. Bu foruma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platforma olduğuna görə təşəkkür edirəm”.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.