...

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub (FOTO)

Siyasət Materials 13 Mart 2025 15:58 (UTC +04:00)
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub (FOTO)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

Trend xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Letermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qhebreyesus çıxış edib.

O bildirib ki, təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir.

Onun sözlərinə görə, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir:

“Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə, Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

“ABŞ-dan gələn resurslar ölkələrdə fövqəladə halların idarə edilməsinə kömək edir. Maliyyə dayansa, bu sözsüz ki, çox böyük problemlərə səbəb olacaq. Fövqəladə hallara hazırlıq zəifləyərsə, bir çox xəstəliklərə vaxtında müdaxilə etmək mümkün olmayacaq. ABŞ islahatlar istəyirsə, biz bütün islahatlara açığıq”, - deyə o əlavə edib.

Panel iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Beynəlxalq münasibətlər sistemi yeni mərhələdən keçir. Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər.

Nazir bildirib ki, çox qütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımından daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

“Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqları hörmət bəsləyirik”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti